BAKI, 16 mart. TELEQRAF

"Neftçi"yə xeyir verməyə çalışırıq".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Səbail" komandasını 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis buraxılan qoldan sonra narahatlıq yarandığını bildirib: "Milli komandaların fasiləsinə qələbə qazanaraq yüksək əhval ruhiyyədə getmək istəyirdik. Birinci hissənin sonunda buraxılan qol narahatlıq yaratdı. Onun ardı da gələ bilərdi. Amma ilk hissədə yaxşı futbol göstərdik, qol epizodları yaratdıq və haqlı olaraq 2 qol vurduq. İkinci hissədə oyunun tələbi dəyişdi, mübarizə aparmalı və döyüşməli idik. Futbolçularım bundan da üzüağ çıxdılar, sona qədər mübarizə apardılar. Çempionatdan qopmamaq üçün 3 xal bizim üçün önəmli idi".

Baş məşqçi fasilənin müsbət və mənfi tərəflərindən danışıb: "Hərtərəfli baxmaq lazımdır. Emin Mahmudov, Azər Əliyev və digər zədəli oyunçular üçün bu pauza əlverişlidir. Amma heç bir komandanın bu qədər fasiləyə razı olduğuna inanmıram. Çünki oyunun ritminə, tempinə düşürsən və birdən-birə fasilə yaranır. Bitəndən sonra elə bil ilk dəfədir oyun keçirirsən. Bu baxımdan bunun mənfi tərəfi də var. Amma edəcək bir şey yoxdur, uzun illərdir davam edən prosesdir. Pauzadan sonra evdə "Araz-Naxçıvan"la oynayacağıq. Futbolçuları həmin matça kökləmək çətin olacaq, amma biz məşqçilərin işi də budur".

Abasov "Neftçi"nin avrokuboklara vəsiqə qazana bilməyəcəyi halda, mümkün istefa haqda bunları deyib: "Nəzərə alsaq ki, mən gələndə "Neftçi"nin 5 xalı var idi və 9 oyunda qələbə qazanmamışdı, istefa verməliyəmmi? Mənimlə danışıqlar aparılanda yanımda idiniz? Verilişlərdə "bu qədər məşqçi dəyişmək olmaz" deyilir. Bir klubda bir məşqçi uzun müddət işləməlidir, xüsusən, komandanı çətin dönəmdə götürmüşəmsə. Düşünürəm ki, pis yolda deyilik. Nəticələrimizə də baxsaq, Azərbaycan Kubokunun yarımfinalındayıq, çempionatda riyazi olaraq avrokuboklara şansımız var. Qalib gələ bilməyən "Neftçi" artıq qələbələr qazanır. Bu, istefaya səbəbdir?! Öz işimizdəyik və rahatıq. "Neftçi"yə xeyir verməyə çalışırıq".

O, komandasının futbolçularının keyfiyyətindən də söz açıb: "Yeni mövsümdə nələr olacaqsa, bunu növbəti mövsümdə danışacağıq. Futbolçuların adlarını çəkərək danışmaq yersizdir. Ən azından bilirik ki, ilin axırına kimi bu futbolçularla yolumuza davam etməliyik. Hansından keyfiyyət ala bilmiriksə, onun başqa yönlərindən bunu istəməliyik. Bizdən öndə gedən komandaların içində də, vuruşmaqla, mübarizə aparmaqla yuxarı pillələrə qalxan klublar var. Gələndə bilirdik ki, bu futbolçularla işləyəcəyik. Əlbəttə, elə mövqelər var ki, həmin cinahlarda istədiyim tipdə oyunçuların olması vacibdir. Çalışacağıq ki, müqaviləm davam etdiyi dövrdə o cür futbolçular olsun. İndiki futbolçulardan maksimum istifadə etmək istəyirik".