BAKI, 15 mart. TELEQRAF

"Biz kobud komanda imişik, sarı vərəqələr alırıq. Çox təəccüblüdür, səbəbini bilmirəm".

Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis qarşılaşmanın baş hakimi Rəşad Əhmədovun idarəçiliyindən məmnun qalmadığını bildirib: "Birinci hissədə və son 20 dəqiqədə yaxşı oynadıq. İkinci hissədə rəqib olmayan cərimə zərbəsindən sonra qol vurdu. Matçın sonunda biz hücumda olarkən baş hakim oyunu bitirdi. Bu, mənim üçün böyük sürprizdir. Bu gün hansısa formada kobudluq etdiyimizi görmədim. Oyunun nəticəsini ədalətli saymıram. Adətən, hakimlər barədə danışmıram. Amma oyundan-oyuna hakimlərin idarəçiliyi məndə təəccüb doğurur. Əlavə fikrim yoxdur, sadəcə, oyunun hakimliyini şərh etdim".

Berezutski qeyri-sabit nəticələrə görə ruhdan düşməyərək, davamlı şəkildə işlədiklərini əlavə edib.