BAKI.15 mart. TELEQRAF

"Çətin oyun alındı. Hər iki komanda bir-birindən ehtiyat edir, böyük qüvvə ilə hücum etmirdilər. Birinci yarıda elə də qol imkanı olmadı. Hissənin sonlarına doğru uzaqdan Cesse Sekidikanın zərbəsindən sonra çönən top qolla nəticələndi. İkinci hissədə hücum edərək, hesabı bərabərləşdirdik. Bundan sonra bərabər səviyyəli oyun getdi. Oyunun ədalətli nəticəsi heç-heçə idi".

Teleqraf-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

O, aparıcı futbolçu Salifu Sumanın bu dəfə istənilən oyunu sərgiləməməsinə belə reaksiya verib: "Açıq-aşkar sezilirdi ki, "Sabah" ona qarşı tədbirlər görüb. Özü isə istəkli idi, ən yaxşı keyfiyyətlərini göstərməyə çalışırdı. Gərgin qrafiklə əlaqədar Sumada yorğunluq var idi. Həmçinin, Qismət Alıyev və Ruan Renatoda. Çünki onlar daim oyunda olurlar".

43 yaşlı mütəxəssis bildirib ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən maksimum yararlanmağa çalışacaqlar: "Bəzən işlər uğurlu getdikdə, fasilənin olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Fasilənin xeyrimizə olub-olmayacağını bilmirəm. Çalışacağıq ki, səmərəli istifadə edək və çatışmayan cəhətləri aradan qaldıraq. Fasilə müddəti bu baxımdan yaxşı fürsət olacaq ki, futbolçuları sınaqdan çıxaraq, beynimizdəkiləri meydanda icra edək. 5 ilə yaxındır baş məşqçi kimi çalışıram. Bilirəm ki, sonuncu dövrə daha önəmli olur".

Sadıqov komandasından İsmayıl İbrahimlinin Haiti və Belarusla yoldaşlıq görüşləri üçün milliyə cəlb olunmasına sevindiyini söyləyib: "İnanıram ki, İsmayıl millidə möhkəmlənəcək".

"Zirə"nin baş məşqçisi "Şamaxı"dakı həmkarı Rəşad Sadıqovun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə təyinat almasını müsbət hal kimi dəyərləndirib: "Ayxan Abbasov və futbolumuz adına sevinirəm. AFFA rəhbərliyi düzgün qərar verdi. Məndən də soruşsaydılar, "ən real namizəd odur" deyərdim. İki yerdə işləməsi onun da xeyrinə olacaq, sıx qrafiklə çalışmayacaq. Çünki "Şamaxı"nın avrokubok şansı azdır. Ayxan Abbasovun özü də enerjilidir. Düşünürəm ki, iki işin öhdəsindən gələ biləcək".