
BAKI, 15 mart. TELEQRAF
"Sabah" komandası Azərbaycan Premyer Liqasının XXVII turunda "Zirə"ni qəbul edib.
Teleqraf xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə hesabı meydan sahibi komanda açıb. 34-cü dəqiqədə Cesse Sekidika fərqlənərək mövsümdəki qollarının sayını 10-a çatdırıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə Davit Volkov keçmiş komandasının qapısına vurub. Bu isə Volkovun 9-cu qolu olub.
Bununla da Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmlədib. Masazır təmsilçisi 35 xalla 5-cidir.
Turun digər oyunlarında "Şamaxı" səfərdə "Araz-Naxçıvan"la 1:1, "Qarabağ" isə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.
Qeyd edək ki, tura martın 16-da baş tutacaq "Səbail" - "Neftçi" və "Turan Tovuz" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.