TOVUZ, 15 mart. TELEQRAF

"Qurban Qurbanovun dediyində həqiqət var".

Teleqraf xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov evdə "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis "Qarabağ"a qarşı oyunların çətin olduğunu bildirib: "Bugünkü oyunda 1 xal bizim üçün qənimətdir, xallarımız üstünə xal gəldi. İlk 15 dəqiqədə yaxşı başlamadıq, amma daha sonra futbolçulara özünəinam gəldi. "Qarabağ"a qarşı oynamaq həmişə çətin olub. Uduza da bilərdik, qol epizodlarımız da oldu. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan".

Bağırov rəqib komandanın baş məşqçisi Qurban Qurbanovun meydanın durumu haqqında dedikləri ilə razı olduğunu vurğulayıb: "Onun sözünün qarşısında söz deyə bilmərəm, deyirsə həqiqət var. Meydanın sulanmadığını bildirirsə, gələn dəfə bunu nəzərə alarlar. Doğurdan da onun sözlərində həqiqət var".

O, komandasında olan problemi aşkarladığını deyib: "Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir".