
TOVUZ, 15 mart. TELEQRAF
"Bu gün meydanda futbola əks olan hər şey var idi".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis Tovuz şəhər stadionunun durumundan narazılıq edib: "Qalib gəlmək istəyirdik, alınmadı. Daha çox təzyiq göstərməli idik, amma şərait belə idi. Süni örtüklü meydan, hava durumu, həmçinin meydanı sulamalı olan işçilərin evə getməsinə görə topun hərəkəti istədiyimiz kimi olmadı. Qalib gəlmədiyimiz üçün demirəm, ümumən belə şəraitdə futbol oynamaq rahat deyil. Tempi artırmaq istəyirsən, alınmır, oyunçular vaxt uzadırdılar, qapıçı oyuna gec başlayır, yerdə yatır, bir az da həkim onlara qoşulmuşdu. Oturub gözləyirdim ki, oyun bitsin. Futboldan həzz alınacaq bir şey yox idi. Məğlub da ola, bərabərə də qala bilərsən, amma oyunda sürət və dinamika olmalıdır. Qol epizodlarından istifadə edə bilmədik, bunlar texniki amillərdir, lakin meydanın da təsiri oldu".
Qurban Qurbanov futbolçularının oruc tutmasında problem görmədiyini bildirib: "Onların perfermanslarına belə meydançalar daha çox təsir edir. Oruc tutmağın mənfi təsirini görməmişəm. Ümumiyyətlə dünya futbolunda da belə təcrübə var. Hakim oyunu saxlayır, oyunçulara orucların açmaq üçün fasilə verir. Heç bir əks təsirini görmürəm”.