BAKI. 15 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qaliblərinin mükafatlandırma mərasiminin vaxtı müəyyənləşib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, təntənəli tədbirin XXXV turun "Qarabağ" - "Kəpəz" oyunundan sonra təşkili nəzərdə tutulub.

Hələlik matçın dəqiq tarixi müəyyənləşməyib. Lakin həmin turun qarşılaşmaları təqvim üzrə 16 - 18 mayda keçirilməlidir.

Əslində sondan əvvəlki turun bu oyunu Tovuz şəhər stadionunda təşkil olunmalı, meydan sahibi qismində isə "Kəpəz" çıxış etməli idi. Lakin Peşəkar Futbol Liqası (PFL) fevralın 19-da görüşün keçirilmə yerini dəyişdirib. Səbəb kimi martın 15-də AFFA-nın Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçirəcəyi göstərilib. PFL milli assosiasiyanın bununla bağlı müraciətini və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq, XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Bu gün isə məlum olub ki, "Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər" martın 28-nə təxirə salınıb. Beləliklə, "Kəpəz" - "Qarabağ" oyunlarının yerlərinin dəyişdirilməsinin əsl səbəbinin məhz çempionluq tədbiri ilə bağlı olduğu üzə çıxır. IV dövrənin qarşılaşması ona görə Bakıya salınıb ki, mükafatlandırma "Qarabağ"ın ev oyunundan sonra baş tutsun.

Turnir cədvəlindəki hazırkı duruma görə, "Qarabağ"ın çempion tituluna sahib olacağı heç kimdə şübhə doğurmur. Hazırda 63 xalla 1-ci pillədə gedən Ağdam komandası ən yaxın izləyicisi "Zirə"ni 12 xal qabaqlayır. Gümüş və bürünc medallara isə "Zirə"dən əlavə, "Araz-Naxçıvan" (47 xal), "Turan Tovuz" (43 xal) və qismən "Sabah" (34 xal) klubları daha şanslı görünür. XXXV turda bu komandalardan "Zirə" "Sabah"ı qəbul edəcəksə, "Turan Tovuz" "Sumqayıt"ın, "Araz-Naxçıvan" "Şamaxı"nın qonağı olacaq. Şamaxı və Sumqayıtdan Bakıya qədər məsafənin yaxınlığını nəzərə alsaq, ikinci-üçüncü yerlərin sahibləri gümüş və bürünc medalları almaq üçün mükafatlandırma mərasiminə yetişə biləcəklər. Gümüş və bürünc medalların taleyi son tura qalsa, mükafatlandırma bu komandaların ev oyunlarından sonra baş tutacaq.

Qeyd edək ki, bu gün Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu saat 17:00-da başlanacaq.