BAKI. 15 mart. TELEQRAF

"Turan Tovuz" Futbol Akademiyası nəzdində əsas komandanın qalması üçün inşa olunmuş binanın açılış mərasimi təxirə salınıb.

Bu barədə Teleqraf-a "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib.

Onun sözlərinə görə, tədbir bu gündən martın 28-nə keçirilib. Həmin gün Tovuz şəhər stadionunda yerli komandanın "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyunu keçiriləcək. Matç saat 19:00-da başlanacaq.

Balakişiyev təxirəsalmaya səbəb kimi işləri çatdıra bilməmələrini göstərib: "Təmir və bina daxilində bəzi avadanlıqların gətirilib quraşdırılması sarıdan gecikmələr oldu. Bu çatışmazlıqlara görə binanı açılışa tam hazır edə bilmədik".

Klub rəsmisi açılışda rayon ictimaiyyəti, AFFA və Peşəkar Futbol Liqası rəsmilərinin iştirak edəcəklərini diqqətə çatdırıb. Balakişiyev binanın baş sponsorun vəsaiti hesabına tikildiyini söyləyib: "AFFA-nın ayırdığı vəsaitdən bu binanın inşası üçün bir qəpik də istifadə etməmişik".

Qeyd edək ki, bu gün Tovuz şəhər stadionunda "Kəpəz" - "Qarabağ" oyunu təşkil olunacaq. Matç saat 17:00-da başlanacaq. Peşəkar Futbol Liqası (PFL) bu görüşün keçirilmə yerini fevralın 19-da dəyişdirib. Səbəb kimi martın 15-də AFFA-nın Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçirəcəyi göstərilib. PFL milli assosiasiyanın bununla bağlı müraciətini və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq, XXVII turun “Qarabağ”–“Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.