BAKI. 14 mart. TELEQRAF

"Ağır oyunun olacağını bilirdik. Çünki qarşısına Avrokubok məqsədi qoyan komandalara qarşı çıxış etmək daha çətindir. Çempionatın sonlarına doğru hamı xal almağa çalışır, matçların hər birinə final kimi yanaşır. Bu da görünürdü".

Teleqraf xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis qazandıqları 1 xal münasibətilə futbolçularını təbrik etməklə yanaşı, səfərdə də komandanı tək qoymayan şamaxılı tərəfdarlara təşəkkürünü bildirib: "Oyunlarımıza maraqla yanaşdıqları "Şamaxı"nın azarkeşlərində hiss olunur. Azarkeş marağı oyundan-oyuna artır. Bu, bizi sevindirir. Futbolçularımı təbrik edirəm. Ağır qrafikdə oynamışdıq. Ötən turun son oyununu biz keçirmişdik, bu tur isə ilk görüşü biz keçirdik. Vaxt qısa olanda oyunlar da ağır olur və böyük dəyişiklik etmək də çətinləşir".

Abbasov daha bir çətinlik kimi uzun müddətdən sonra təbii ot örtüyündə oynamalarını göstərib: "Ən ağırı odur ki, sonuncu dəfə təbii ot örtüyündə 6 tur əvvəl "Neftçi"yə qarşı çıxış etmişdik. Bundan sonra oyunlarımız süni örtüklü meydanlarda olmuşdu. Bu da bu gün ilk yarıda hiss olunurdu. Futbolçularım oyuna həqiqətən də ağır girdilər. Amma rəqibin üstünlüyü olsa da, real qol imkanını biz yaratdıq. Çox təəssüf ki, istifadə edə bilmədik. Qolu isə kobud səhvdən sonra buraxdıq. Lakin ikinci hissədə futbolçularımdan razı qaldım. İkinci hissəyə nəzər yetirəndə deyərdim ki, bəlkə də 3 xalı əldən verdik. Çünki yüzfaizlik epizodları dəyərləndirə bilmədik. Amma hər iki komanda 1 xal qazandı. Bizim üçün mühüm xaldır. Xal ehtiyatımızı artırırıq. Davam etmək lazımdır. Futbolçularıma da bildirdim ki, sabitliyi qorumalıyıq. Daha yuxarını istəyiriksə, ən vacibi budur. Növbəti oyuna hazırlaşacağıq".