
BAKI. 14 mart. TELEQRAF
"Maraqlı, dinamik oyunun şahidi olduq. Ağır komandaya qarşı oynadığımızı bilirdik. İlk yarı bizim üstünlüyümüzlə keçdi, ikinci hissədə isə rəqib daha çox hücumlara keçdi. Uda da bilərdik, hər iki komandanın qələbə şansı var idi. Yaxşı istirahət edərək, sonuncu dövrəyə hazırlaşacağıq".
Bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis heyətdəki zədəlilər səbəbindən rotasiyalar edə bilmədiklərini söyləyib: "Azərbaycan Kubokunda da iki oyun keçirmişdik. Ona görə komandada yorğunluq ola bilərdi. Heyətdə zədəlilərimiz olduğundan, rotasiyalara gedə bilməzdik. Bu məsələ üzərində çox dayanmağa ehtiyac yoxdur. Mən də istərdim ki, bütün futbolçular sərəncamımda olsun. Amma təəssüf ki, 7 oyunçumuz zədəlidir. Ümidvaram ki, bütün futbolçular sərəncamımıza qayıtdıqdan sonra vəziyyət yaxşı olacaq".
Baxşıyev komandasının müdafiə xəttinin zəifləməsi ilə razılaşmayıb: "İtkilərlə əlaqədar sıxıntı yaşayırıq. Son oyunlar göstərir ki, 7 futbolçunun kənarda qalması təsirsiz ötüşmür. Ehtiyat qüvvə də yoxdur. Belə halda dəyişiklik, rotasiya da çətin olur. Çempionatda fasilə bizə lazımdır".
Baş məşqçi "Araz-Naxçıvan"dan Haiti və Belarusla yoldaşlıq görüşləri üçün Azərbaycan millisinə heç bir oyunçu çağırılmamasına belə münasibət bildirib: "Şərh vermək istəmirəm, seçim milli komandanın baş məşqçisinindir. Qərar verən Fernandu Santuşdur. Bizim heyətdə də milliyə uyğun futbolçular var. Onlar öz üzərlərində çalışaraq göstərməlidirlər ki, milliyə layiqdirlər. Qara Qarayev bu oyun istisna olmaqla, bütün matçlarda iştirak edib. Onu nəyə görə çağırmadıqlarını bilmirəm. Təkcə Qara deyil, digər futbolçular da var ki, milliyə layiqdirlər".