BAKI, 19 fevral. TELEQRAF

Azərbaycan çempionatında 2025/2026-cı illər mövsümü üçün Premyer Liqa, I Liqa və II Liqanın formatı bəlli olub.

Teleqraf xəbər verir ki, AFFA İcraiyyə Komiəsinin bu gün keçirilən iclasında verilən qərarlara görə, 2025/2026-cı illər mövsümündə Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşəcək.

I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

I Liqada sonuncu yeri tutan komanda isə II Liqaya enəcək. II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək. I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.

Qeyd edək ki, 2025/2026 mövsümündə Premyer Liqada 12, I Liqada 10, II Liqada isə 14 komanda mübarizə aparacaq.