BAKI, 19 fevral. TELEQRAF

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

“Milan”ın ardınca İtaliyanın digər təmsilçisi “Atalanta” da növbəti mərhələyə yüksələ bilməyib. İlk oyunda olduğu kimi rəqibini udan “Brügge” 1/8 finala yüksəlib.

Gecənin maraqlı oyunlarından biri Portuqaliyada baş tutub. “Benfika” gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Monako”nu mübarizədən kənarlaşdırıb. “Benfika”nın qələbəsində türkiyəli futbolçular əsas pay sahibi olublar. Oyunda hesabı Kərəm Aktürkoğlu açıb. Portuqaliyalıları qələbəyə daşıyan qolu isə Orkun Kökçü vurub.

Almaniya “Bavariya”sı evdə Şotlandiya “Seltik” ilə görüşdə çətin anlar yaşayıb. Münhen təmsilçiləri oyunun əsas vaxtına əlavə olunan 4-cü dəqiqədə vurduqları qolun hesabına turu keçiblər.

Yada salaq ki, günün ilk oyununda “Milan” öz meydanında Niderland “Feyenoord”unun müqavimətini qıra bilməyib. İki oyunun nəticəsinə görə İtaliya klubu mübarizəni dayandırıb.

“Milan” oyunun xeyli hissəsini azlıqda keçirib. 51-ci dəqiqədə Teo Hernandes qırmızı vərəqə alaraq meydandan qovulub.

Pley-off mərhələsinin digər 4 oyunu fevralın 19-da keçiriləcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

18 fevral

"Milan" (İtaliya) – "Feyenoord" (Niderland) – 1:1

(İlk oyun - 0:1)

"Benfika" (Portuqaliya) – "Monako" (Fransa) – 3:3

(İlk oyun - 1:0)

"Atalanta" (İtaliya) – "Brügge" (Belçika) – 1:3

(İlk oyun - 1:2)

"Bavariya" (Almaniya) ­– "Seltik" (Şotlandiya) – 1:1

(İlk oyun - 2:1)