BAKI, 18 fevral. TELEQRAF

“Sözsüz ki, qol vuranda komandamın qələbə şansı daha çox olur. Amma mənim üçün bombardirlik əsas məqsəd deyil”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın futbolçusu Cesse Sekidika Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Səbail”lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

29 yaşlı hücumçu autsayderə qarşı oyunda vacib 3 xal itkisini bu cür şərh edib: “Çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Turnir cədvəlində “Səbail”in vəziyyəti yaxşı deyil. Amma bizə qarşı yaxşı oyun nümayiş etdirdilər. Bu oyundan 3 xal gözləyirdik. Növbəti turlarda qələbə üçün çalışacağıq”.

Nigeriyalı forvard baş məşqçi Vasili Berezutskinin süni meydan amilini problem kimi görməsinə də reaksiya verib:

Süni meydanda oynamaq çətin idi, amma bu, bəhanə ola bilməz. Qalib gəlməli idik. Sözsüz ki, hər bir futbolçunun öz məqsədləri var. Mənim üçün vacib olan komandamın udmasıdır. Növbəti oyunlarda qol vuraraq, komandama fayda verməyə çalışacağam”.

Qeyd edək ki, Cesse Sekidika hazırda 8 qolla bombardirlər siyahısında yalnız “Qarabağ”ın futbolçusu Leandro Andradedən bir top geri qalır.