BAKI, 17 fevral. TELEQRAF

“Biz rəqibi qırmızı vərəqə almağa məcbur etdik. Lakin son anda qapımıza təyin olunan penalti məğlubiyyətimizə səbəb oldu”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin futbolçusu Murad Məmmədov Azərbaycan Premyer Liqasının XXIII turunda “Qarabağ”a evdə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

19 yaşlı yarımmüdafiəçi qələbə şansını əldən vermələrindən məyusluğunu dilə gətirib: “Oyuna çox yaxşı start verdik. Təəssüf ki, sona yaxın penalti qolu ilə məğlub olduq. Demək olmaz ki, “Neftçi” zəif oynadı. Çünki həddindən artıq yaxşı oynadıq, yaxşı epizodlarımız oldu. Penaltiyə qədər, hətta penaltidən sonra əlverişli imkanlarımız vardı. Məşqlərdə yaxşı çalışdıq, oyunda da onu tətbiq etmək üçün səy göstərdik. Lakin epizodları dəyərləndirə bilmədik. Fikrimcə, ilk dəqiqələrdəki epizodlardan heç olmasa biri qol olsaydı, ardı gələcəkdi. Çox istəyirdik ki, bu oyunu da udaq. Qələbəyə az qalmışdı, sondakı penalti oyunun taleyini həll etdi".

İstedadlı oyunçu çıxışından razı qalmadığını da etiraf edib: "Bu dəfə meydanda heç nə ilə yadda qalmadım. İstəyirəm ki, hər oyun komandama kömək edim. Bu oyunun sonunda meydana daxil olmağım da baş məşqçimin qərarıdır. Dəqiqənin heç bir fərqi yoxdur, meydanda olduğum vaxtı istəyirdim ki, komandama fayda verim. Qismət belədir”.

Məmmədov “Neftçi”nin Azərbaycan Kubokuna iddialı olduğunu da qeyd edib: “Məqsədim budur ki, “Neftçi” ilə Azərbaycan Premyer Liqasındakı bütün rəqib komandaları udum, ən azı, komandama xeyir vermək üçün çalışım. Hədəfimiz kubokun qalibi olmaqdır. İnanırıq ki, Samir Abasovun rəhbərliyi altında biz buna nail olacağıq. Bizim üçün finalda rəqibimizin kim olacağının heç bir fərqi yoxdur. Nə istədiyimiz bəllidir. Son oyuna qədər əlimizdən gələni edəcəyik ki, kubok bizim olsun”.

Qeyd edək ki, “Neftçi” 23 turdan sonra 24 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.