
BAKI, 16 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Teleqraf-ın məlumatına görə, "Neftçi" komandası eyniadlı arenada "Qarabağ"ı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 87-ci dəqiqədə penaltidən Marko Yankoviç vurub. Baş hakim Rəvan Həmzəzadə VAR sisteminə müraciət etdikdən sonra penalti təyin edib.
Bu zaman "Qarabağ" azlıqda olub. 22-ci dəqiqədə Kevin Medina kobud oyuna görə yenə VAR müdaxiləsindən sonra qırmızı vərəqə alıb.
Beləliklə, bu qələbə sayəsində xallarını 56-ya çatdıran lider "Qarabağ" ən yaxın izləyicisi "Araz-Naxçıvan"dan 12 xal aralanıb. "Neftçi" isə 24 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Sumqayıt"a 3:0, "Turan Tovuz" evdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 17-də keçiriləcək daha 2 oyunla yekun vurulacaq.