
BAKI, 15 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasında XXIII turun açılış oyununda “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşmada “Zirə” böyük hesablı qələbəyə sevinib - 3:0.
“Qartallar”ın braziliyalı hücumçusu Rafael Utsiq 14-cü dəqiqədə hesabı açıb. Qvineyalı müdafiəçi Salifi Suma isə 36 və 65-ci dəqiqələrdə rəqib qapısına yol taparaq “dubl” edib.
Bu nəticə ilə “Sumqayıt” ardıcıl 8-ci oyundur rəqib qapısına qol vura bilmir. Vaqif Cavadovun komandası 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Xal sayını 42-yə çatdıran Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv isə 2-ci yerdə gedən “Araz-Naxçıvan”la fərqi 2-yə endirib.
Qeyd edək ki, XXIII turun sabah keçiriləcək görüşlərində “Turan Tovuz” "Araz-Naxçıvan”ı, “Neftçi” "Qarabağ”ı qəbul edəcək. Turun son oyun günündə “Kəpəz” evdə “Şamaxı”nı, “Səbail” isə “Sabah”ı sınağa çəkəcək.