BAKI, 20 fevral. TELEQRAF

"İntizam Komitəsində hüquqşünaslar yer almalıdır"

Hər nəslin nümayəndəsinin diqqətini cəlb edəcək idman növü dedikdə, yəqin ki, ilk ağla futbol gəlir. Futbolçular isə bəzən qərarlardan razı qalmırlar.

Son illərdə Azərbaycanda futbolçuların hüquqlarının müdafiəsinə qalxan tanınmış hüquqşunas Elcan Həsənli Teleqraf-ın qonağı olaraq, geniş müsahibə verib. FIFA agenti futbolçularla bağlı məhkəmə prosesləri, qarşılaşdığı maraqlı hadisələrdən danışıb, qanunvericiliklə bağlı müqayisələr aparıb:

"Başa düşdüm ki, Azərbaycanda bu sahədə mütəxəssis yoxdur"

- Əvvəlcə bilmək istərdik: Elcan Həsənli Azərbaycanda idman hüquqşünası kimi fəaliyyət göstərməyə nə vaxt qərar verdi?

- Mən 2011 - 2015-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışam. Həmin illərdə Azərbaycanda idman hüquqları ilə bağlı bizə tədris verilmirdi. Azərbaycan heç vaxt kütləvi idman ölkəsi olmadığından, futbol və digər növlər çox yaxşı vəziyyətdə olmayıb. Zəif olanda onunla məşğul olan insanlar da olmur. 2014-cü ildə “Qarabağ”ın ilk dəfə Avropa Liqasında qrupa düşdüyü mövsüm idi. O zaman İtaliya “İnter”i ilə Bakıda son turun oyunu keçirilirdi. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın sonuncu dəqiqəsində “Qarabağ” “İnter”ə qol vursa da, qeydə alınmadı və bunun nəticəsində Ağdam komandası növbəti mərhələyə yüksələ bilmədi. O zamanlar tələbə kimi oyunu stadiondan izləyirdim. Mənə maraqlı gəldi ki, niyə “Qarabağ”ın haqqı yeyildi və təmiz qolu sayılmadı? “Qarabağ” nə etməlidir, hüquq bunu necə tənzimləyir? Bu suallar üzərində həvəskarcasına özüm üçün düşündüm. Bu araşdırma məni idman hüququna gətirdi. Dünyada belə sahə var və bu, ayrıca tənzimetmədir. O zamanlar “Qarabağ”ın türkiyəli vəkili Qaye Qürur Günal bu işlə məşğul olurdu. Başa düşdüm ki, Azərbaycanda bu sahədə mütəxəssis yoxdur. Hadisə baş verəndə əcnəbi vəkilə müraciət ediriksə, deməli, bizdə bu sahə mövcud deyil. Bundan sonra həvəskar şəkildə araşdırmağa başladım. Sonra bir gün “feysbuk”da təsadüfən gördüm ki, Bakı Dövlət Universitetində idman hüququ üzrə magistr təhsili proqramı açılıb. Bu şans yarandı və o sahədə təhsil aldım. Daha sonra pandemiya dönəmində Türkiyənin Kadir Has Universitetində də idman hüququ təhsili almaq imkanım oldu. Beləliklə, 2019-cu ildən idman hüququ ilə peşəkarcasına məşğul oluram. Daha sonra Azərbaycan Premyer Liqası klublarından “Sumqayıt”da 3 il işlədim. Hazırda isə bu sahədə davam edirəm.

- İlk uğurlu işiniz hansı olub?

- Hüquqlarını qoruduğum və ilk uğurlu saydığım “Neftçi”nin futbolçusu Emil Balayevin işi oldu. Qazaxıstanın “Turan” klubu ilə mübahisəsi var idi. Bu işi gördük və uğurla yekunlaşdı: Oyunçuya kompensasiya ödənildi. Bu, FIFA-nın daxilində gedən proses idi.

- Bəs Azərbaycanda ən uğurlu işiniz hansıdır?

- Tural Bayramlının “Səbail” klubuna qarşı işini qeyd edə bilərəm. Klubu onun müqaviləsinə birtərəfli qaydada xitam vermişdi. Bu iş üzrə qələbəni AFFA daxilində qazandıq. Futbolçuya 70 min manat təzminat ödənildi ki, bu da Azərbaycan daxilində bir ilk idi. Bir komanda yerli futbolçuya bu qədər kompensasiya ödədi. Proses 2024-cü ildə başladı və 6-7 ay davam etdi. AFFA-nın müvafiq orqanı ilk olaraq, əleyhimizə qərar qəbul etmişdi. İkinci instansiya - Apellyasiya Arbitraj Tribunalı sonra doğru qərar qəbul etdi.

- Bir neçə il öncə sizin Milli Paralimpiya Komitəsi (MPK) ilə bağlı məhkəmə prosesiniz də olmuşdu...

- ⁠Proseslər konfidensial olduğundan, detalları açıqlaya bilmirik. Amma özümə də ən maraqlı gələn işlərdən biri idi. 2020-ci ildə Milli Paralimpiya Komitəsi bir bəyanat paylaşmışdı. Bu bəyanatdakı bəzi ifadələrdən Ermənistan Paralimpiya Komitəsi şikayət etmişdi. Proses gedərkən artıq müharibə yekunlaşdı. O dövrdə Tokio-2020 Yay Paralimpiya oyunlarının keçirilməsinə çox az qalırdı. Çox ciddi və həssas məsələ yaranmışdı. MPK-nın ümumiyyətlə yarışdan uzaqlaşdırılmasına dair qərarlar verilirdi. Həmin prosesdə mən və həmkarım vəkil qismində çıxış edirdik. Çox maraqlı və uzun müddət davam edən proses olmuşdu. O prosesdə MPK-ya heç bir cəza verilmədi. Xatırladığım ən maraqlı işlərdən biri idi. Özümü sübut etmək baxımından da yaddaqalan proses idi.

- Legionerlərin hüquqlarını müdafiə edirsiniz?

- “Sabah”ın almaniyalı futbolçusu Coy-Lens Mikelslə bağlı məhkəmə işi hazırda FIFA-da davam edir. Orada da problem oyunçuya keçmiş dövrdən əvvəlki klubu tərəfindən ödənişlərin edilməməsidir. Azərbaycanda “Sabah”ın legioneri Jarl Marqarita ilə bağlı məhkəmə işimiz olub. O proseslər hələ də davam edir. Tələblər də müqavilələrin pozulması, əməkhaqlarının ödənilməməsi və s. ilə bağlıdır.

- Hansısa futbolçular varmı ki, siz onların vəkilisiniz, yoxsa yalnız problem olduqdan sonra onlar sizə müraciət edirlər?

⁠- Hansısa problem yarananda futbolçunun yadına vəkil düşür. Çünki bu mədəniyyət bizdə hələ formalaşmayıb. Yalnız problem yarananda bizi tapırlar. Kimlərin işini görmüşüksə, o futbolçular özləri dost-tanışa məsləhət görürlər. Bəzən menecerlər bizə əməkdaşlıq üçün müraciət edirlər.

"Futbolçular bir güc olsaydı, AFFA qərar verməzdən əvvəl onlarla da məsləhətləşərdi"

- Futbolçuların hüquqlarının müdafiəsi ilə bağlı təşkilat yoxdur. Niyə?

- ⁠Bəli, əslində belə bir təşkilatın mövcudluğu, kommersiya deyil, qeyri-hökumət təşkilatı xarakterli bir yer çox yaxşı olardı. Futbolçulardan da təklif kimi eşitmişəm. Təşkilat olsa, futbolçular da bir güc olar. Azərbaycanda isə futbolçular deyil, klublar bir gücdür. İndiki legioner limitinin ləğvi kimi məsələlələr müzakirə olunarkən belə güc olsaydı, AFFA qərar verməzdən əvvəl onlarla da məsləhətləşərdi. İdmançıların bu cür təşkilata ehtiyacları var ki, AFFA qərar verərkən belə məqamları məsləhətləşsin. Futbolun əsas faktorları olmalarına baxmayaraq, futbolçuları 3-4-cü planda görürük. İstənilən futbolçu ilə söhbət etdikdə görərsiniz ki, klubun ona münasibəti hər məqamda açıq şəkildə büruzə verir. Onların hüquqlarını klublar kifayət qədər pozurlar. Halbuki güc olsalar, belə məqamlarda klublar da qorxar, narahat olar.

- Klubla futbolçu arasında ikili mühasibatlığa ehtiyac varmı?

- ⁠Bir müddət bunu Azərbaycanda məşhur klublarda gördük. Əvvəllər bəzi klublar futbolçu ilə rəsmi müqaviləni bir cür, amma faktiki olaraq başqa formada bağlayırdılar. Keçən il də bu faktla qarşılaşdım. Səbəblərini bilmirəm, amma qanunsuzluqdur. Maliyyə mövzusunda da praktik olaraq, futbolçuların asan imzası klublarda olur. Bunu futbolçulara da izah edirəm ki, onu klubunuza verdikdə, sizin yerinizə istənilən şərtlərlə qol çəkə bilər. Bu, yolverilməz və əsassız tələbdir. Klub futbolçunun pulunu ödəməli, futbolçunun özü mühasib tutaraq, bu işləri gördürməlidir. Lionel Messi və ya Neymarın işini klub görür? Təbii ki, onların öz işçisi edir. Bizdə futbolçuların bilik və bacarıqlarının o səviyyədə olmaması reallığı da var. Amma əslində hər kəs öz işi ilə məşğul olmalıdır.

- Azərbaycanda klublar futbolçuların maaşlarını niyə açıqlamır?

- Bəli, bizdə nəyə görəsə açıqlanmır. Amma Türkiyədə futbolçu transferini ictimaiyyətə bəyan edirlər. Bu, maliyyə şəffaflığı üçün lazımdır. Səbəblərini bilmirəm, amma açıqlanmamasının əsasını başa düşmək çətindir. Bəlkə düşünürlər ki, klubdaxili rəqabətdir. Çünki çox vaxt bunu görmüşəm: klub futbolçuya deyir ki, əmək haqqını digərlərinə deməsin. Birinə daha çox, digərinə daha az pul verirlər ki, bir-birinin maaşlarını bilməsinlər. Ancaq təbii ki, futbolçular bunu sirr saxlamırlar. Hamı bilir ki, klubda ən çox və ən az maaş alan kimdir. Açıqlansa belə, burada qəbahət və ya problem görmürəm. Çünki klublar şəffaflığı maliyyə mövzusunda da göstərə bilərlər.

- Bir neçə il öncə Bəhlul Mustafazadə ilə bağlı xarici klubdan FİFA-ya şikayət edilmişdi...

- Son illərdə azərbaycanlı futbolçulara dair müxtəlif hüquqi proseslər baş verib. Elə Bəhlul Mustafazadə ilə bağlı məsələ də maraqlı bir hadisə idi. Bəhlul “Əl-Ayn” klubuna transfer olunarkən, orada problem yaranmışdı. Hüquqi bir proses oldu və futbolçumuzun xeyrinə yekunlaşdı. Müqavilənin bağlanması ilə bağlı an idi. Praktikada bu tip bir neçə hal da baş verib.

- ⁠Transfer zamanı futbolçuların belə hallarla rastlaşmaları kimin günahıdır?

- ⁠Burada əsas iş agentlərin üzərinə düşür. Onlar düzgün seçim etməlidirlər ki, bu proseslərdən az zərərlə ayrılsınlar. Eləcə də danışıqlar düzgün qurulmalıdır ki, yekunda futbolçular aldanmasınlar.

- Bəs oyunçu özünə menecer seçərkən necə etməlidir ki, aldanmasın?

- ⁠Bu gün vacib məsələlərdən biri də futbolçuların menecerləridir. FIFA özündə qeydiyyatdan keçən agentləri tanıyır və ancaq onlara bu işi görməyə icazə verir. Hazırda Azərbaycanda da yetərincə rəsmi FIFA agenti olmayıb, qanunsuz şəkildə futbolçuların transferində iştirak edən şəxslər var. Bunu peşəkarcasına görənlər də çoxdur, amma bu prosesdə futbolçuları aldadan şəxslər də yetərincədir. Hazırda futbolçuların transferi zamanı müqavilələri oxumadan, onları nələrin gözlədiyini bilmədən yalnız pul qazanan şəxslər var. Ən ciddi problemlərdən biri də xaricdən təlim adı ilə bura gətirilib aldadılan futbolçularla bağlıdır. Afrika və s. ölkələrdən baxışa gətirilib, guya klub tapılacağı vəd edilir, amma onların nə qədər pulları mənimsənilir. Ötən il 2-3 futbolçu bununla bağlı müraciət etmişdi. Biz də hüquq-mühafizə orqanlarına şikayət etdik. Futbolçular hər adama güvənməməli, mütləq FIFA agenti olub-olmamasını yoxlamalıdırlar. Çünki FIFA agenti aldadanda FIFA-ya şilayət edə bilər, amma digər vəziyyətdə yox. Keyfiyyətli və işini bilən FIFA agentlərinə bu gün ehtiyac çoxdur.

"100 uşaqdan 10-u futbolçu olur, digərləri isə başqa sahəyə yönəlir, amma sonda təhsildən də yarımçıq qalır"

- Azərbaycanda savadlı futbolçular və öz haqlarını tələb edənlər də azdır. Bunun günahkarı kimdir?

- ⁠Burada məktəb təhsili ön planda durur. Bu gün ali təhsilli çox az futbolçu var. Çünki keçid dövründə futbolçu təhsili seçsin, yoxsa futbolu seçsin deyə fikir ayrılığına düşür. Bunu düzəltmək üçün Akademiya sistemi olmalıdır. Yəni Akademiyalarda elə şərait yaradılmalıdır ki, məktəb və idman eyni yerdə olsun. Buna da klub nəzarət etməlidir. FIFA-da bununla bağlı qaydalar var. Məsələn, 100 uşaqdan 10-u futbolçu olur, digərləri isə başqa sahəyə yönəlir, amma sonda təhsildən də yarımçıq qalır. Onlara təhsil verilməlidir ki, futbolçu olmayanda başqa sənətdə uğur qazansınlar. Ən böyük problemlərimizdən biri budur ki, futbolçulara Akademiya təhsili verilmir. Dünya təcrübəsinə müraciət edək. "Barselona" Futbol Akademiyasında uşaqlar günortaya qədər təhsil alır, günortadan sonra məşq keçirlər. Onlar buna görə uğur qazana bilirlər. Çünki futbolçuya hərtərəfli şərait yaradılır. Türkiyədə də yatılı məktəb kimi, uşaqlar həm təhsil alır, həm məşqlərini keçir, həm də digər idman növlərinə vaxt ayırırlar. Bunların hamısı bir-birinə bağlıdır. Onları daha düzgün yetişdirə bilirlər. Bugünkü sistemdə uşaq 2 saat məşqə gəlib, həyatının 22 saatını çöldə olacaqsa, futbolçu yetişdirmək xeyli çətinləşəcək. Sən futbolçu yetişdirmək istəyirsənsə, onu 24 saat nəzarətində saxlamalısan. Bizdə isə həftədə 3 dəfə 2 saat məşq etməklə, düzgün futbolçu yetişdirə bilməzsən.

- Akademiyalarımız kifayət qədər var axı...

- Onlar Akademiya deyil, sadəcə idman məktəbləridir. Çoxunda məşqçilik lisenziyaları yoxdur. 3-4 yerdə reklam edir, 20 manata uşaq öyrədirlər. Amma bu cür futbolçu yetişmir. Belə mühitdə yetişmələrini də gözləmək olmaz.

"AFFA İntizam Komitəsi və Apellyasiya Arbitraj Tribunalının qərarlarını CAS-a göndərsək, hamısı ləğv olunar"

- Bunlar xaricdə necə tənzimlənir və hansı sistemin bizdə də tətbiq olunmasını istərdiniz?

- Türkiyə futbolunda hər şeyin reqlamenti mövcuddur. Məsələn, forma üzərində reklamın təlimatı var. Neçə santimetr olmalıdırsa, o detal belə tənzimlənir. FIFA-nın reqlamentlərində oyunçuların transferi haqqında müəyyən məqamlar fərqlidir. Müəyyən məqamlara isə bizdə daha peşəkar yanaşılmalıdır. Məsələn, İntizam məcəlləmiz mənə görə, hüquqi cəhətdən çox zəifdir. Eyni zamanda, hüquqi orqanların tərkibi tənzimlənməlidir. AFFA-nın iki hüquqi orqanı var - İntizam Komitəsi və Apellyasiya Arbitraj Tribunalı. Hər ikisinin tərkibi düzgün seçilməyib. Onları müstəqil qurum hesab etmirəm. Qərarlar AFFA-dan gəlir. Bu şəkildə isə ədalətli prosesin olması gözlənilməzdir.

- Bəs çıxış yolunu nədə görürsünüz?

- Məlumdur ki, İntizam Komitəsinin üzvlərini ora İcraiyyə Komitəsi təyin edir. AFFA-nın təyin etdiyi şəxslər necə ola bilər ki, həmin qərarları ləğv etsin? Əlbəttə, etməyəcəklər. Bu, absurd sistemdir. Eyni zamanda hər hansı klub rəsmisinin də İcraiyyə Komitəsində təmsil olunması düzgün deyil. Onun klubu ilə bağlı mübahisə yarandıqda AFFA necə ədalətli qərar verəcək? Ona görə bunlar bir-biriləri ilə zəncirvari bağlıdırlar. Bu, müstəqil fəaliyyət göstərməli və heç bir halda təyinatı ilə AFFA-ya bağlı olmamalıdır. FIFA ötən ildən Milli Mübahisələrin Həlli Palatasını yaratmağı təklif edib. Hər şey buna doğru gedir. Artıq bir yerdən sonra FIFA özü tənzimləyəcək, bu orqanları özü yaradacaq. Çünki onlara milli assosiasiyalardan kifayət qədər şikayətlər daxil olur. FIFA baxır ki, yerli federasiyalar bunun öhdəsindən gələ bilmirlər. Bu sistemdən zərər çəkən isə futbolçulardır. 3-4 ildir futbol sahəsində vəkillik fəaliyyəti ilə məşğul oluram. Praktikama əsasən deyə bilərəm ki, AFFA-nın hüquq orqanlarının qərarlarının bilik və bacarıq keyfiyyəti çox aşağı səviyyədədir. Çox rahatlıqla deyə bilərəm ki, İntizam Komitəsi və digərinin qərarlarını CAS-a (Beynəlxalq İdman Arbitraj Məhkəməsinə - red.) aparsaq, hamısı ləğv olunar. Baxın, bu dərəcədə ağır dərddir. Hesab edirəm ki, İntizam Komitəsinin üzvləri dəyişdirilməli, ora həqiqətən ixtisaslı kadrlar cəlb olunmalıdır. Sadəcə, "futbolda işləyib", "kiminsə tanışıdır" prinsipləri ilə təyinat olmamalıdır. Orada hüquqşünaslar yer almalıdır. Hüquqşünas olmayan adamın o Komitədə hüquqi qərar verməsi düzgün deyil. Təsəvvür edin ki, bir məhkəmənin hakimi hüquqşünas deyil, amma qərar verir. Bu, mümkünsüzdür. Onlar əsaslandırır ki, komitəmizdə futbolu bilən adamlar yer alırlar. Elədirsə, ekspert rəyi götürülsün. Amma mən gedib hüquqşunas olmayan adamlar qarşısında özümü müdafiə edirəm. Bu isə absurddur, yəni hüquqdan danışıram, onlar başa düşmürlər. Çünki bu sahənin insanları deyillər və qəbul edə bilmirlər.

"İdmançılar dərk etməlidirlər ki, onların ən yaxın dostu hüquqşünaslarıdır"

- Azərbaycanda "Bədən tərbiyəsi və idman haqqında" qanun da var. Bəs qaydalar niyə pozulur?

- ⁠İlk növbədə, həmin qanun yenilənməlidir. Artıq o, köhnədir və işləmir. Məhkəməyə müraciət məsələsində böyük ziddiyyətlər var. Bunlara aydınlıq gətirilməli, bu kimi məsələlər həllini tapmalı, qanunverici baza yaradılmalıdır. AFFA-nın hüquqi sənədinə yenidən baxılmalıdır. Biz baxırıq ki, bu sənədlərdə böyük uçurumlar var. İdmançıların hüquqlarını qoruyan vəkillər olmalıdır. İdmançılar dərk etməlidirlər ki, ən yaxın dostları hüquqşünaslarıdır və onlarla işləməyi bacarmalıdırlar.

- ⁠ Futbolçular hansı hallarda siz vəkillərə müraciət etməlidirlər?

- Müqaviləsinin pozulduğunu gördükdə, oyunçu hər hansı formada incidildikdə, əsassız cərimələr tətbiq olunduqda və əmək haqları ödənilmədikdə, təbii ki, bizə müraciət etməlidirlər. FIFA-nın qaydalarına əsasən bir ay ərzində futbolçunun əmək haqqı ödənilmirsə, o halda oyunçu kluba rəsmi müraciət etməlidir. Yenə də ödənməsə, AFFA-ya və FIFA-ya şikayət edə, iki ay ödənməsə, müqaviləsinə birtərəfli qaydada xitam verə bilər.

- Hüquqşünaslıqla bərabər agent statusunuz da var. Bu yöndə də fəaliyyət göstərirsiniz?

- Bundan FIFA-nın agentlik imtahanını keçirəndə bildim. Bu da FIFA-nln bütün leqal sənədlərindən irəli gəlir. Onlar istəyirlər ki, FIFA agenti futbolun qaydalarını bilsin və sonra futbolçunu qorumağı bacarsın. Mən də bu imtahana tələbə hazırlayırdım. Sonra özüm də imtahan verib bu statusu qazandım. Aktiv menecerlik etmirəm. Sadəcə, bunun təhsil tərəfində fəaliyyət göstərir, tələbə hazırlayıram. Eyni zamanda idman hüquqşünasıyam. Amma FIFA agenti statusum var. FIFA istəyir ki, agentləri hüquqi sənədlər sarıdan bilikli olsunlar. Bu gün Azərbaycanda 12-13 nəfər bu imtahandan keçibsə, demək olar ki, 7-8 nəfəri bizim kursun tələbəsidir. Hazırda Səid Bağırov, Emil Əsədov var. Çalışırıq ki, bazarda bilikli və bacarıqlı şəxslər olsun və onlar futbolçuları yaxşı yerlərə dartıb apara bilsinlər.