BAKI, 10 fevral. TELEQRAF

“Bu gün səhər yeni klubumla rəsmi müqavilə imzalamışam və artıq ilk məşqə də qatılmışam”.

Bu sözləri Teleqraf-a açıqlamasında Azərbancan milli komandasının futbolçusu Coşqun Diniyev Türkiyə I Liqa təmsilçisi “Çorum”a transferi barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, hələ mövsümün əvvəllərindən aldığı təklifi bu gün rəsmiləşdirdiklərini bildirib: “Artıq rəsmi müqavilə bağlamışam. Hələ mövsümün əvvəlindən “Çorum”dan təklif var idi. Amma müqavilə detallarında razılaşmamışdıq. Menecerimlə əlaqə saxladıqdan sonra bura ilə də danışdıq. Maddi tərəfdən yaxşı təklif olduğu üçün müsbət cavablandırdım. "Bandırmaspor" rəhbərliyi ilə də danışdıq və hər şeyi yoluna qoyduq. Nəticədə qarşılıqlı razılıq əsasında oradan ayrılaraq, "Çorum"la müqavilə imzaladım".

Diniyev klubunu dəyişməsinin səbəbini də açıqlayıb: "Bandırmaspor"da artıq xoşbəxt deyildim və klub da bunu görürdü. Artıq qərarımı vermişdim. Bu, oynadığım mövqe ilə bağlı idi. Mən karyeram boyunca hər zaman “6” və “8” nömrə kimi oynasam da, burada məcburən “10 nömrə” mövqeyində yoxlanılırdım. 15 həftə o mövqedə oynadım. Milli komandadakı çıxışıma müsbət təsir göstərməsi üçün klubumu dəyişməyi qərara aldım".

Qeyd edək ki, "Bandırmaspor" hazırda Türkiyə I Liqasının turnir cədvəlində 37 xalla 5-ci, "Çorum" 35 xalla 7-ci sırada qərarlaşıb.