
BAKI, 7 fevral. TELEQRAF
“Təəssüf ki, baş hakim qərarından döndü və penaltini ləğv etdi. Ədalətli qərar verilmədiyi üçün “Qarabağ” qələbə qazandı”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Səbail”in ukraynalı futbolçusu Dmitro Litvin evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
28 yaşlı legioner məğlub olduqları qarşılaşma və XXII turda baş tutacaq Azərbaycan Premyer Liqasındakı oyuna yaxşı hazırlaşdıqlarını qeyd edib: “Qalib gəlmək üçün yaxşı şanslarımız var idi. Bərabərlik qolunu vurmaqdan ötrü epizodlarımız oldu. Təəssüf ki, bəzi məqamlarda bəxtimiz gətirmədiyindən, fərqlənə bilmədik. Qarşıda bizi kubokun cavab oyunu gözləyir. Yaxşı hazırlıq nəticəsində çempionata müsbət məcrada davam edəcəyik. Düzdür, çempionat və kubok oyunları arasında fərq böyükdür. Ən azı bu oyunu unudub, qarşıdakı 3 xal gözlədiyimiz görüşə köklənəcəyik. Məqsədimiz sonuncu yerdən uzaqlaşmaqdır. Əlimizdən gələni edib qarşıdakı oyunda yaxşı performans və nəticə qazanacağıq. Çalışacağam ki, daha çox qollar vuraraq komandama faydalı olum”.
Litvin komandasının görüşdə qeydə alınmayan qolu və penalti epizodu barədə də danışıb: “Sayılmayan qolun offsayd olmadığını deyə bilmərəm. Amma penaltimizi versəydilər, qol vura bilərdik. Yəqin ki, AFFA Hakimlər Komitəsi bu məsələyə diqqət yetirəcək. Baş hakim Rauf Cabbarovun bizə münasibəti ədalətli deyildi. “Qarabağ” ardıcıl uğursuz oyunlar keçirib, onlara kömək etmək lazımdır, bütün bunlar yaxşıdır, amma bizə də hörmətlə yanaşmamalıdırlar?! Nə deyəcəyimi bilmirəm".
Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasının XXII turunda "Qarabağ"ın qonağı olacaq. Fevralın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.