
BAKI, 6 fevral. TELEQRAF
"Səbail" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, paytaxt təmsilçisinin köməkçi məşqçisi Elvin Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib.
Baş məşqçi Cavid Hüseynovun cəzalı olduğu üçün onu əvəzləyən 36 yaşlı mütəxəssis oyunçularının inamlı mübarizə apardığını bildirib: "İlk öncə komandamı apardığı mübarizəyə görə təbrik edirəm. Əsasən də ikinci hissədə yaxşı oyun sərgilədik. "Qarabağ" həm Azərbaycanda, həm də Avropada öz sözünü demiş komandadır. 4 gün sonra Premyer Liqada "Qarabağ"la səfər oyunumuz var. Bugünkü oyunu unudub, həmin matça hazırlaşmalıyıq".
Məmmədov komandasının çatışmayan cəhətlərindən də danışıb: "Qış fasiləsindən sonra futbolçularda oyundan-oyuna artım var. Çatışmayan cəhətləri bilir, hiss edir və ümid edirik ki, onları aradan qaldıracağıq. Növbəti oyunlara köklənərək, çempionat matçlarında daha da yaxşı nəticələr əldə etmək istəyirik. Amma bugünkü oyunda "Qarabağ" kimi komandaya qarşı layiqli mübarizə apardıq".
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 27-də keçiriləcək.