BAKI, 6 fevral. TELEQRAF.

“Bəlkə Kadinin transferi alınmasaydı, Romaonu komandada saxlayacaqdıq. Lakin belə variant oldu, bu addımı atdıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”i səfərdə 1:0 hesabı ilə məğlub etdikləri ilk matçdan sonra mətbuat konfransında deyib.

Qurbanov qalib gəldikləri matçı dəyərləndirib, futbolçularını təbrik edib: “Yaxşı bir komandaya qalib gəldik. Rəqib ikinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdı, yaxşı mübarizə aparırdı. Futbolçularım da istəkli idilər. Qələbəyə görə onlara təşəkkür edirəm”.

53 yaşlı mütəxəssis Macarıstan "Ferentsvaroş"u ilə son transfer mübadiləsindən söz açıb: “Kadi Borgesin transferi məcburiyyətdən deyil. Əlimizdə belə bir şans oldu. Əvəllcədən onun komandasından təklif var idi. Belə bir variant yarandı. Ümumiyyətlə, Kadi lazımlı oyunçudur. Julio Romaoya istər-istəməz öyrəşmişdik, kollektiv olaraq uyğunlaşmışdıq. Son vaxtlar çox təkliflər olurdu. “Yox” deyə bilmədik. Onun getməsinə üzülür, Kadinin gəlişinə sevinirəm. Kadinin transferi bəlkə də düşünmədiyimiz bir keçid oldu. Amma yay üçün başqa transfer planlarımız da var. Kadinin gəlməsi ilə hansısa oyunçunun ehtiyata yollanacağını düşünmürəm. Müxtəlif mövqelərdə oynamağı bacaran futbolçudur. Hələ necə qaldığını yoxlayacaq və ondan sonra qərar verəcəyik. Hər bir insan fikrində azaddır. O ki qaldı mənə, buradan ayrılan futbolçuların 90 faizinin getməsini istəməmişəm. Amma yaranan şərait, klubun maraqları və yaxşı təklif olanda istər-istəməz məcbur oluruq. Getmək istəyən heç bir futbolçunun qarşısını kəsmək istəmirəm”.

AFFA İcraiyyə Komitəsinin də üzvü olan Qurban Qurbanov qurumun son iclasındakı qərarlardan da söz açıb: “Premyer Liqaya 2 komanda birdən-birə gəlirsə, say artımı qərarını müsbət qarşılayıram. Hansı bölgə təmsilçisi gələcəksə, orada futbola maraq artacaq, yeni istedadlar üzə çıxacaq, futbolçu keyfiyyəti çox yüksək, gələcək üçün faydalı olacaq. Həmin bölgələrdə hansısa sponsor da üzə çıxacaq. Məncə, olmamağındansa, olması yaxşıdır. Növbəti İcraiyyə Komitəsinin iclasında reqlament müzakirə olunacaq. Çünki indidən bilsələr ki, sonuncu yeri tutan komanda elitada qalacaq, hansısa baş məşqçidə və ya futbolçuda arxayınlıq yarana bilər. Amma I Liqanın 3-cüsü ilə Premyer Liqada sonuncu yeri tutan komanda pley-off oynayacaqsa, bəlkə daha ədalətli nəticə olar. Növbəti mövsümdən artıq 12-ci yeri tutan komanda elitanı tərk edəcək”.

Qeyd edək ki, cavab qarşılaşması fevralın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.