NAXÇIVAN, 18 iyun. TELEQRAF
“Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd etmək istərdim”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu fikirləri III “Qərbi Azərbaycana qayıdış” festival konqresdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Ötən dövrə nəzər saldıqda deyə bilərik ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib. Cənab Prezidentin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma tədbirləri həyata keçirilir.
Bu mövzu artıq ictimai düşüncənin formalaşmasında, təşəbbüslərimizin və diplomatiyamızın ayrılmaz hissəsinə çevrilib. Qarabağa və Şərqi Zəngəzura qayıdış birmənalı şəkildə göstərir ki, tarixi ədalət gec-tez öz yerini tapır. Bu gün azərbaycanlıların Qarabağa geri dönməsi də onu göstərir ki, müəyyən dövrlərdə ədalətsizliklə üzləşsək belə, xalq olaraq bu ədalətsizliklə mübarizə apardıqda arzularımıza nail ola bilirik”,- nazir vurğulayıb.
“Qərbi Azərbaycana qayıdış ideyası bu gün Azərbaycan dövlətinin və millətinin strateji hədəfidir. O torpaqlara qayıdış bizim insanlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır”.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli isə bildirib ki, Azərbaycanın Qərbi Azərbaycanla bağlı səsini dünya ictimaiyyətinə çatdıra bilmişik.
Onun sözlərinə görə, bu günə qədər icma tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə 120 məktub ünvanlanıb. Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı 345 bəyanat yayılıb. Azərbaycanı ziyarət edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən diplomatlarla icma nümayəndələrinin ümumilikdə 78 görüş, həmçinin Milli Məclisin komitələrində 6 ictimai dinləmə keçirilib.