BAKI, 2 iyun. TELEQRAF
“Bugünkü konfrans təkcə elmi fikir mübadiləsi üçün bir platforma deyil, həm də gələcəyimizin necə formalaşacağını birlikdə müzakirə etmək üçün bir fürsətdir”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar – 2026” beynəlxalq elmi konfransının açılış mərasimində çıxışı zamanı deyib.
O vurğulayıb ki, iqlim dəyişikliyi, enerji resurslarının tükənməsi, hava və su çirklənməsi, eləcə də tullantıların idarə olunması kimi problemlər artıq yalnız ekoloji məsələlər deyil:
“Konfransın əhəmiyyəti müxtəlif sahələrin nümayəndələrini — alimləri, mühəndisləri, sahibkarları, dövlət rəsmilərini və gənc tədqiqatçıları bir araya gətirməsindədir. Ekoloji problemlər tək bir sektor tərəfindən həll oluna bilməz. Onlar əməkdaşlıq, innovasiya və ortaq məsuliyyət tələb edir. Xüsusilə sevindirici haldır ki, bu sahəyə gənclərin marağı artır.
Bu gün burada aparılan müzakirələr, layihələr və qurulan əlaqələr sabah daha dayanıqlı bir dünyanın formalaşmasına töhfə verə bilər”.
Deputat qeyd edib ki, Azərbaycan da yaşıl enerji və davamlı inkişaf istiqamətində mühüm addımlar atır:
“Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, bərpa olunan enerji layihələrinin genişləndirilməsi və rəqəmsal transformasiya təşəbbüsləri ölkənin bu sahədə strateji baxışını nümayiş etdirir. Bu təşəbbüslər təkcə region üçün deyil, həm də beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətlidir”.