BAKI, 25 dekabr. TELEQRAF
"Uşaqların internetdən, süni intellektdən istifadəsi ilə bağlı tənzimləyici addımın atılmasına ehtiyac var, müəyyən məhdudiyyətlər olmalıdır".
Teleqraf xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi" mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, bu sahədə hər hansı sənədin hazırlanması nəzərdən keçirilə bilər.
Deputatın sözlərinə görə, qanunla yanaşı, geniş təbliğat və maarifləndirməyə də ehtiyac var:
"Sadəcə qanun qəbul etməklə məsələ bitmir. Bəziləri bir məsələ ilə bağlı qanun qəbul etdikdə məsələnin bitdiyini düşünür. Amma elə deyil. Valideynlərlə sıx işləməliyik. Bu istiqamətdə fəal iş aparılmalıdır.
Qurumlarla yanaşı, media da öz rolunu oynayır və oynamalıdır. Parlamentdə çıxışımda süni intellektlə bağlı qanun qəbul edilməsi məsələsini qaldırmışdım".
Deputat vurğulayıb ki, bu gün dünyada olan bir çox araşdırmalar 2 yaşına kimi uşaqların telefon, kompüter kimi avadanlıqlardan istifadəsinin yolverilməz olduğunu göstərir:
"Bu kimi avadanlıqların, həmçinin süni intellektin istifadəsi ilə bağlı bir sıra ölkələr müəyyən addımlar atırlar, qanunlar qəbul edirlər. Məsələ Azərbaycanda da müzakirə olunur".
1 il ərzində 37 kiberbullinq hadisəsi olub
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyir ki, bu günün aktual məsələlərindən biri dipfeykdir.
"Reallığa yaxın videolar hazırlanır. Onları bir-birindən ayırmaq çətindir. Virtual platformada baş verən məsələlərlə bağlı mübarizə alətləri olmalıdır. Təəssüf ki, kifayət qədər alətimiz yoxdur.
Azərbaycan üzrə 114 məktəbdə 1 il ərzində 37 kiberbullinq hadisəsi olub. Amma bu 37 rəqəm filterlənmiş rəqəmdir, çünki bu hadisələri kiberbullinqə aid edib-etməməklə bağlı müzakirə aparıb qərara gəlmişik.
Artıq real və virtual dünyanın olduğunu qəbul etmək lazımdır. Virtual dünyanı inkar etmək yeniliklə köhnə alətlərlə mübarizə aparmaq deməkdir. Ən yaxşı hal qəbul etməkdir. Virtual dünyanı dizayn etmək isə bizim əlimizdədir. Virtual dünya ilə bağlı sadəcə qanunvericilik təkcə həll yolu deyil. Bu prosesdə kibertəhlükəsizliklə bağlı da ayrıca qanunvericiliyə ehtiyac var. Bu da öhdəlik olaraq götürülüb və yəqin ki, yaxın gələcəkdə həyata keçiriləcək.", - o vurğulayıb.