​BAKI, 31 may. TELEQRAF

Xarici tələbələrin ABŞ-də təhsil almaq qaydaları sərtləşdirilir. ABŞ Prezidenti Donald Trampın administrasiyası tələbə vizası üçün müraciət edənlərin sosial şəbəkə hesablarını məcburi şəkildə yoxlamağı planlaşdırır. Bu barədə POLITICO nəşri ABŞ-nin xarici ölkələrdəki səfirliklərinə göndərilmiş gizli diplomatik məktuba istinadən məlumat yayıb.

Məktub ABŞ Dövlət katibi Marko Rubionun imzası ilə çərşənbə axşamı göndərilib. Sənəddə bildirilir ki, Dövlət Departamenti sosial media yoxlamalarının genişləndirilməsi üçün hazırlıq işləri çərçivəsində tələbə vizaları (F, M və J kateqoriyaları) üzrə müsahibələrin təyin edilməsini müvəqqəti dayandırıb.

“Tələbə və mübadilə vizaları üçün yeni müsahibə tarixləri yalnız əlavə göstərişlər verildikdən sonra açılacaq,” – məktubda vurğulanır.

Yeni qaydalar tətbiq olunarsa, tələbə vizası almaq istəyən şəxslərin sosial media fəaliyyətləri daha ciddi yoxlanılacaq.

Ehtimal olunur ki, qaydalar təhsil üçün ABŞ-yə getmək istəyənlərin sayını ciddi şəkildə azaldacaq.

Maraqlıdır, son illər ABŞ universitetlərinə neçə azərbaycanlı tələbə daxil olub? Əsasən hansı təhsil pilləsi üzrə qəbul sayı daha çoxdur? Trampım qərarları tələbə axınına necə təsir göstərir?

Teleqraf “Open Doors”un hesabatlarına əsasən ABŞ-da təhsil alan azərbaycanlıların statistikasını təqdim edir.

Statistik göstərəcilərə əsasən demək olar ki, illər ərzində müraciət sayı artıb. Əgər 2016-cı ildə 386 nəfər ABŞ-yə təhsil ardınca gedirdisə ötən il bu rəqəm 1130 nəfər təşkil edib.

2023-2024: 1130
2022-2023: 901
2021-2022: 728
2020-2021: 556
2019-2020: 571
2018-2019: 489
2017-2018: 426
2016-2017: 386

Azərbaycandan ABŞ-da təhsil almağa yollanan tələbələr ən çox Kolumbiya, Florida, Massaçuserts, Nyu-York, Kaliforniya ştatlarında təhsil alır.

Viza qərarlarını və ya rədd edilmə göstəricilərini şərh edə bilmərik

Bu il ABŞ universitetlərinə neçə azərbaycanlı daxil olub? Onların təhsil haqqı, viza problemləri varmı və bu necə həll olunur?

Teleqraf-ın sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirildi ki, 2024–2025-ci tədris ili üçün statistika hələ dərc olunmayıb.

“Hər il Beynəlxalq Təhsil İnstitutu (IIE) ABŞ Dövlət Departamentinin dəstəyi ilə Birləşmiş Ştatlarda təhsil alan beynəlxalq tələbələrin statistik məlumatlarını dərc edir.
Tramp Administrasiyası viza prosesi vasitəsilə milli təhlükəsizlik və ictimai təhlükəsizlik sahəsində ən yüksək standartları saxlamaqla ölkəmizi və vətəndaşlarımızı qorumağa sadiqdir. Biz konkret viza qərarlarını və ya rədd edilmə göstəricilərini şərh edə bilmərik. Lakin statistikadan da göründüyü kimi, ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında sabit və əhəmiyyətli artım müşahidə olunur - yalnız son tədris ilində bu göstərici 25.4% artıb. 2020-ci ildən bəri bu rəqəm iki dəfədən çox artıb.

Amerika təhsili azərbaycanlı tələbələrin karyera və gələcəklərinin formalaşmasında mühüm rol oynayır və ABŞ-Azərbaycan arasında insanları birləşdirən münasibətlərin möhkəmlənməsinə töhfə verir. Qlobal tendensiyaya uyğun olaraq, bu gün daha çox azərbaycanlı tələbə ABŞ-də ali təhsil almağı seçir”.

Hazırda viza üçün görüşlər almaqla bağlı çətinlik yaranıb, sistem dayandırılıb

Məsələ ilə bağlı xaricdə təhsil üzrə fəaliyyət göstərən mərkəzlərlə əlaqə saxladıq. Verilən məlumata görə, azərbaycanlı tələbələrin ABŞ-yə əsasən bakalavr pilləsi üzrə göndərilməsi üstünlük təşkil edir.

“AzəriStudent” Xaricdə Təhsil Mərkəzindən bildirildi ki, bakalavr pilləsi istiqamətində ciddi problemlər yaşanmır:

“Biz 15 ildən çoxdur fəaliyyət göstəririk. İl ərzində 50-dən çox tələbə ABŞ-a təhsil almağa gedir. Adətən yüksək reytinqli universitetlərlə əməkdaşlıq etdiyimiz üçün problem olmur. Hazırda ABŞ universitetlərinə qəbul prosesi davam edir və müraciətlər göndərilir. Lakin ABŞ səfirliyində sistemin yenilənməsi ilə əlaqədar olaraq viza üçün görüşlər almaqda çətinlik yaranıb. Mövcud sistem dayandırılıb və yeni platforma üzərindən davam etdiriləcəyi bildirilib”.

Mərkəz təmsilçisi əlavə edib ki, hazırkı məlumatların, yəni tələbələrin sosial media hesablarının yoxlanılmasının nə dərəcədə dəqiq olduğu bəlli deyil: “Yəqin ki, vəziyyətin necə inkişaf edəcəyi yaxın günlərdə məlum olacaq”.

"BMZ Colleges" Xaricdə Təhsil Şirkətinin eksperti Məhəmməd Xəlilli qeyd etdi ki, hazırda ABŞ-də təhsil almaq üçün vizalarda müvəqqəti məhdudiyyətlər tətbiq olunub: “4 ildən artıqdır ki, tələbələrin ABŞ universitetlərinə qəbul prosesini həyata keçiririk. Turist vizalarında heç bir problem yoxdur. Amma F1 və G1 kateqoriyalı təhsil vizalarının verilməsi müvəqqəti olaraq dayandırılıb. Bu, narahatlıq doğuracaq bir hal deyil, çünki bu cür texniki fasilələr zaman-zaman olur. Hazırda bu məhdudiyyətin nə qədər davam edəcəyi bəlli deyil. Gözlənilir ki, səfirlik yaxın günlərdə, ehtimala görə may ayından etibarən məsələ ilə bağlı rəsmi məlumat yayımlayacaq.

Hazırda ABŞ-də təhsil almaq üçün müraciətlərdə azalma müşahidə olunmur. Viza prosesində ciddi problem yoxdur. Əksər hallarda müraciətlər qanunvericiliyə uyğun şəkildə davam etdirilir. Universitetlərin qəbulları açıqdır və müraciətlərimizi davam etdiririk”.

ABŞ-nin immiqrasiya siyasətindəki dəyişiklikləri təhsilə də sirayət edir

Teleqraf-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov hesab edir ki, bu qərar qlobal təhsil diplomatiyasında yeni balanslara səbəb olacaq”.

“ABŞ-də xarici tələbələr üçün viza prosedurlarının sərtləşdirilməsi, xüsusilə sosial media hesablarının yoxlanılması ilə bağlı yeni yanaşmanın tətbiqi beynəlxalq tələbə axınında mühüm dəyişikliklərə yol aça bilər. Bu yanaşma ABŞ-nin immiqrasiya siyasətindəki dəyişikliklərin təhsil sisteminə sirayət etməsinin bariz nümunəsidir. Sənəd yoxlaması, sosial davranışların izlənməsi, siyasi və ictimai mövqelərin araşdırılması tələbənin şəxsi və akademik müstəvisindəki azadlıqlarına birbaşa təsir göstərir. Bu, sadəcə təhlükəsizlik siyasətinin sərtləşdirilməsi deyil, həm də qlobal təhsil diplomatiyasında yeni balansların qurulmasına səbəb olacaq”.

Tələbələrdə psixoloji gərginlik yaradır

Təhsil ekspertinin sözlərinə görə, bu dəyişikliklərin Azərbaycan tələbələrinə birbaşa təsiri artıq görünür.

"2024-cü ildən etibarən viza müraciətlərində gecikmələr, əlavə yoxlamalar və sosial media fəaliyyəti ilə bağlı sorğular bu dinamikanı zəiflətməyə başlayıb. ABŞ səfirliyinin konsulluq bölməsində viza müsahibələri zamanı tələbələrin müəyyən paylaşımlarına və ya bəyəndikləri məzmuna əsasən əlavə suallar və ya rədd cavabları almaları halları artmaqdadır. Bu isə həm tələbələrdə psixoloji gərginlik yaradır, həm də ABŞ-də təhsili arzu edənlərin alternativ istiqamətlərə yönəlməsinə səbəb olur”.

Ekspertə görə, azərbaycanlı tələbələr əsasən ABŞ-nin texnologiya, iqtisadiyyat, hüquq və sosial elmlər sahəsindəki qabaqcıl təhsil müəssisələrinə maraq göstərirlər:

“Xüsusilə STEM sahəsində ABŞ-də təhsil almaq istəyənlər üçün bu ölkə həm akademik inkişaf, həm də gələcəkdə beynəlxalq əmək bazarında rəqabət üstünlüyü baxımından əhəmiyyətlidir. Lakin prosedur maneələri bu üstünlükləri əldə etməyi çətinləşdirir. Üstəlik, OPT (Optional Practical Training) və H1B iş vizası üçün gözləmə müddətlərinin uzanması bu ölkədə təhsil alıb qalan tələbələrin sayını azaldır”.

Kamran Əsədovun fikrincə, qlobal miqyasda isə ABŞ-nin bu addımı digər ölkələr üçün fürsət pəncərəsi yaradır:

“2023-cü ildə Kanada, Avstraliya, Almaniya və Niderland kimi ölkələrdə beynəlxalq tələbələrin sayı 12-15% artmışdı. Bu artımın əsas səbəbi həmin ölkələrdə prosedurların daha şəffaf və proqnozlaşdırıla bilməsi, immiqrasiya siyasətinin tələbə dostu olmasıdır. Məsələn, Almaniyada universitetlərin 60%-dən çoxunda təhsil tamamilə ödənişsizdir və viza prosesi daha çevik aparılır. Kanada isə beynəlxalq tələbələrə 20 saata qədər iş imkanı və təhsildən sonra 3 ilə qədər ölkədə qalmaq hüququ verir. Bu faktlar ABŞ-də təhsil almağın daha riskli və qeyri-müəyyən hala gəlməsi ilə yanaşı, tələbələrin qərarlarının dəyişməsinə səbəb olur".

Yeni kvotalar və təqaüdlər ayrılmalıdır

Ekspert hesab edir ki, Azərbaycan kontekstində bu vəziyyət həm təhsil siyasəti, həm də beynəlxalq əməkdaşlıq baxımından yenidən düşünülməlidir. Xaricdə təhsil almaq istəyən tələbələrin maraqlarını qorumaq üçün bir neçə sistemli addım atıla bilər.

“Birincisi, Azərbaycandan göndərilən tələbələrin hüquqi müdafiəsi və məlumatlandırılması üçün əlavə mexanizmlər yaradılmalıdır. İkincisi, ölkə daxilində beynəlxalq ikili diplom proqramları, xüsusilə ABŞ və Avropa universitetləri ilə birgə təhsil layihələri artırılmalıdır. ADA Universiteti, UNEC, Bakı Ali Neft Məktəbi kimi universitetlərin bu istiqamətdə fəaliyyətləri genişləndirilə bilər. Üçüncüsü, ABŞ-də təhsilə marağı azalmış gənclərin alternativ ölkələrdə eyni səviyyəli təhsili əldə etməsi üçün dövlət proqramları (məsələn, “Azərbaycan Gəncliyi 2030”) çərçivəsində yeni kvotalar və təqaüdlər ayrılmalıdır”.

Tədqiqat yönümlü ixtisaslar üzrə təhsil almaq istəyənlər üçün imkanlar məhdudlaşır

“Bu prosesin müsbət tərəfi ondan ibarətdir ki, tələbələrin bir istiqamətə deyil, müxtəlif ölkələrə paylanması, onların fərqli təhsil modelləri ilə tanış olmasını və daha geniş intellektual spektrə malik gənc nəslin yetişməsini təmin edəcək. Lakin mənfi tərəf odur ki, ABŞ kimi qabaqcıl akademik resurslara malik bir ölkənin daha az əlçatan olması, xüsusilə tədqiqat yönümlü ixtisaslar üzrə təhsil almaq istəyənlər üçün imkanları məhdudlaşdırır. Bu məhdudiyyət həm də təhsil vasitəsilə ölkələrarası mədəniyyətlərarası dialoqun zəifləməsinə gətirib çıxara bilər”, - K.Əsədov vurğulayır.

O bir daha qeyd edir ki, ABŞ-də xarici tələbələr üçün prosedurların sərtləşməsi Azərbaycandan olan gənclərin seçim azadlığına və akademik mobilliyinə ciddi təsir göstərməkdədir. Bu yeni reallıq şəraitində dövlət, universitetlər və cəmiyyət birgə şəkildə fəaliyyət göstərərək həm alternativ yollar yaratmalı, həm də xaricdə təhsili daha təhlükəsiz və proqnozlaşdırılan etmək üçün diplomatik səviyyədə təşəbbüslər göstərməlidirlər. Beləliklə, azərbaycanlı tələbələrin qlobal təhsil sistemində fəal iştirakını davam etdirmək mümkündür.

““Təhsil haqqında” qanunumuzun 5.3-cü maddəsində qeyd olunur ki, təhsil dövlətin və cəmiyyətin prioritet sahələrindən biri olmalı və bu sahədə vətəndaşların bərabər imkanlara malik olması təmin edilməlidir. Xarici təhsilə çıxış imkanlarının əngəllənməsi isə bərabərliyi və inkişafı məhdudlaşdıran faktor kimi qiymətləndirilə bilər. Buna görə də yerli təhsil sistemində beynəlxalq standartlara cavab verən proqramların genişləndirilməsi, onlayn distant magistr və doktorantura imkanlarının gücləndirilməsi və xarici mütəxəssislərin ölkəyə cəlb edilməsi ilə daxili imkanlar daha da artırılmalıdır”.