BAKI, 2 iyun. TELEQRAF

“Bu gün keçirilən elmi konfrans Prezident İlham Əliyevin müxtəlif istiqamətlərdə müəyyənləşdirdiyi strategiyanın elmi istiqamətdə də beynəlxalq aləmə çatdırılması və nüfuzlu alimləri bu tədbirlərə cəlb etməkdən ibarətdir. Elmin sonu yoxdur və hər yerdə lazımdır. Bu konfrans artıq 3-cü ildir keçirilir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar – 2026” beynəlxalq elmi konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Rektor vurğulayıb ki, universitetin təşkilatçılığı ilə ilk konfrans 2024-cü ildə keçirilib:

“2024-cü ildə dövlət başçısı “Yaşıl dünya naminə həmrəylik ili” elan etdi. Və dünyanı bu çağırışa dəvət etdi. Ona görə bir ali təhsil müəssisəsi olaraq elə həmin il bu konfransın fəaliyyətə başlaması qərarına gəldik. 2024-cü ildə böyük konfrans keçirildi. Konfransda çıxış edənlər, məqalə verənlər hamısı "Web of Science" və "Scopus" jurnalında çap olunub. Bu bizim tədqiqatla məşğul olan alimlərimiz üçün çox vacibdir.

Bu gün gənclər elmlə məşğul olmaq istəyirlər. Adını qeyd etdiyim jurnallarda məqalələrin çap edilməsi çətin olduğuna görə, bu konfrans onlara dəstəkdir. Ölkəmizdə gedən proseslər alimlər və təhsil müəssisələri tərəfindən izlənilməlidir. Hesab edirəm ki, konfrans mütəmadi davam etməlidir. Bura bir sıra ölkələrdən gələn xarici qonaqlara təşəkkür edirəm”,- Ə.Vəliyev vurğulayıb.