BAKI, 4 iyun. TELEQRAF

Bu gün saat 15:00-dan əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu prosesinə start verilir.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Sənəd qəbulu prosesi 31 avqust saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsilalma formaları üzrə həyata keçirilir.

Bundan başqa, təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla hesablanır.

Təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir, təhsil haqqı isə müddətə uyğun olaraq müəssisə tərəfindən müəyyən edilir.