BAKI, 15 may. TELEQRAF

“Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkarlanması üçün çoxsaylı layihələr həyata keçirilir”.

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Heydər Əliyev Mərkəzində keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsində çıxışı zamanı deyib.

O bildirib ki, bu olimpiadada komanda fikri, strateji düşünmə, liderlik, ünsiyyət bacarıqları da formalaşır. Burada müxtəlif istiqamətlər üzrə bacarıqlar nümayiş olunur”.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadası Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.

Olimpiadanın final mərhələsi bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutur.

FOTO: Elnur Muxtar