BAKI, 23 aprel. TELEQRAF
Bu gün 23 Aprel bütün dünyada Ümumdünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Bu gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilib və hər il kitabların, müəlliflərin və oxu mədəniyyətinin əhəmiyyətini vurğulamaq məqsədilə keçirilir. Kitab günü üçün bu günün seçilməsi də təsadüfi deyil, çünki məhz bu gündə görkəmli ingilis dramaturqu Uilyam Şekspir və dünya şöhrətli ispan yazıçı Migel de Servantesin ölüm günüdür.
UNESCO hər ilin bu günü xüsusi bir bəyanatla çıxış edir. Bu ilki bəyanatda isə fərqli nəsillər və fərqli mədəniyyətlər arasında körpü vəzifəsi olduğu vurğulanır. Əvvəlki illərin bəyanatlarında isə xüsusilə bu cümlə diqqəti cəlb edir: “Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz”.
Kitabla bağlı belə bir əhəmiyyətli gündə müsahib tapmaq istəyəndə ağlıma birinci Tariyel Əlisoy gəldi. Mən onu hələ uzaq 2005-ci ildən tanıyıram. O günlərdə Tariyel Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq” fakültəsində oxuyurdu. “Google” o günlərdə bu qədər işlək, bu qədər populyar deyildi, ancaq Tariyel ayaqlı “Google” idi. Bir də görürdün belə bir söhbət edirdi: 1994-cü ildə Məmməd Nazimoğlunun bir yazısı çıxmışdı, o yazıda söhbət bulvardan gedirdi, yazının əvvəlində də Mark Tvendən sitat gətirmişdi”.
İllər keçsə də, xasiyyəti yenə dəyişməyib. Yenə də kitab işindədir. Hətta, zarafatla deyir ki, ölkədə öz ixtisası üzrə çalışan yeganə insan mənəm. Tariyeli başqa işlə məşğul olan yerdə təsəvvür etmək çətin məsələdir. Onun kitaba sevgisi heyranlıq və heyrət doğurur. Sözünün əvvəli də, sonu da kitabdır. O hər şeydən qabaq oxucudur, sonra isə oxuduğu kitabları başqaları ilə bölüşmək istəyən, Mirzə Səfər kimi başqalarının ləzzət aparmasına çalışan bir fədaidir...
Söhbət əsnasında bəzən belə deyir: “O gün yoldaşlarla çay içirdik. Söhbət Qara Yusifdən düşdü”. Deyirəm ki, ay Tariyel, o necə məclisdir ki, orda söhbət Qara Yusifdən düşür, hələ indiyə kimi elə bir məclis görməmişəm ki, orda söhbət Qara Yusifdən düşə? O da gülür, mən də. Çünki Tariyel kitablar aləmində yaşayır, onu gerçək dünya ilə çox az şey bağlayır.
Tariyel Əlisoy BDU-nu 2009-cu ildə bitirib. Elə o zamandan müxtəlif kitab mağazalarında çalışıb. 2021-ci ildə isə “Papillon” onlayn satış mağazasını qurub. Onunla kitab bazarının bu günkü vəziyyəti, hansı kitablara təlabat olduğunu, oxucuların zövqü, seçimləri və maraqları, kitabın insan həyatında rolu haqqında söhbətləşmişik.
.jpg)
“Teleqraf” İnformasiya Agentliyi Tariyel Əlisoyla müsahibəni təqdim edir.
- Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, indi kitab oxuyanlar azalıb və bir çox insan da bundan şikayət edir. Səncə, doğrudan da insanların kitab oxumağa marağı azalıb?
- Bu sahənin içində olan biri kimi deyə bilərəm ki, əvvəlki illərlə müqayisədə indi kitab oxuyanların sayı artıb və bu məni çox sevindirir. Azərbaycanda artıq kitab oxucuları formalaşır. Elə bir oxucu təbəqəsi var ki, daim yeniliklərlə maraqlanır, araşdırır, yeni kitablar, imzalar axtarır. Çox uzağa getməyə ehtiyac yoxdur – yanımızda olan Abdulla bəy də onlardan biridir. O, hər zaman yenilikləri izləyir, maraq dairəsinə uyğun kitablar seçir. Düzdür, bu cür insanlar çox deyil – bəlkə on nəfərdən biri belə edir. Amma belə insanlar var, həqiqət budur. Və inanıram ki, bu tendensiya getdikcə artacaq. Yaxın gələcəkdə artıq on nəfərdən iki-üç nəfəri belə olacaq.
- Hazırda cəmiyyətdə hansı kitablara daha çox tələbat var?
- Əvvəllər, insanlar əsasən detektiv janrına üstünlük verirdi. Hazırda isə belə deyil, zövqlər şaxələnib, haçalanıb. Hər qrupun öz maraq dairəsi formalaşıb. Ancaq ümumi tendensiya kimi şəxsi inkişaf kitablarına marağın yüksəlişini müşahidə edirəm. Motivasiya, uğur qazanmaq, qısa zamanda necə milyonçu olmaq kimi mövzularda kitablar daha çox oxunur. İnsanlar sanki bu cür kitabları oxuyaraq qısa müddətdə uğur əldə etməyə can atırlar...
- İnsanın mənəvi zənginləşməsində, kamilləşməsində şəxsi inkişaf kitabları daha çox rol oynayır, yoxsa bədii ədəbiyyat?
- Əlbəttə ki, insanlar Dostoyevski, Tolstoy, Çexov və digər klassik yazıçıları oxusalar daha yaxşı olar. Oxucu kimi mən arzulayıram ki, insanlar daha ciddi ədəbiyyata maraq göstərsinlər. Həyat heç də sadə deyil, onun qarmaqarışıq, mürəkkəb təzadlı tərəflərini ancaq bədii ədəbiyyat əks etdirə bilər. Və bir də fəlsəfə... Bəlkə də insanlar bu qədər dərinə getmək istəmirlər... İnsanlar son zamanlar bir-birini təqlid etməyi öyrəniblər. Məsələn, Qan Turalı bir kitabı oxuyur və onu sosial şəbəkədə paylaşır. Bu da insanlarda maraq yaradır, nəticədə 5 nəfər həmin kitabı alıb oxuyur. Bəzən, bu müsbət haldır, çünki bəzi insanlar kitabı araşdırır və faydalanır. Amma müəyyən bir kütlə sadəcə təqlid edir. Məsələn, “Türkün Qızıl Kitabı”nda Rafiq Özdək yazır ki, Aristotel deyib ki, kişilərin dişlərinin sayı qadınlardan çoxdur. Bu fikrin yanlış olduğunu heç kimin ağlına da gəlməyib. Çünki insanlar düşünüb ki, Aristotel deyibsə, deməli düzdür. Bu da təqlidin klassik bir nümunəsidir.
- Hal-hazırda daha çox hansı dildə kitablar satılır: Azərbaycan, rus, yoxsa ingilis dilində?
- Mən istəyirəm ki, öz dilimizdə kitablar daha çox satılsın, yəni Azərbaycan dilində. Amma eyni zamanda insanlar xarici dilləri də bilsinlər və inkişaf etsinlər. Öz dilimizdə kitab oxumaq həm də tərcümə əsərlərin keyfiyyətli çapına kömək edə bilər. Ancaq daha çox Azərbaycan dilində olan kitablar satılır.

- Hazırda tərcümə olunan kitabların səviyyəsi sizi qane edirmi?
- Tərcümə ilə bağlı hazırda narazılıq çoxdur. Amma mən belə düşünürəm – heç olmasa bu da bir addımdır və heç yoxdan yaxşıdır.
- Gənclər kiril əlifbasını oxuya bilirmi?
- Gənclər kiril əlifbası ilə oxumaqda çətinlik çəkirlər. Mağazaya gəlib bir kitab istəyirlər, deyəndə ki, kiril əlifbasındadır, imtina edirlər. Amma başa düşmürlər ki, bu sadəcə bir vərdişdir. Bir dəfə cəhd etsələr, öyrənə bilərlər. Məsələn, Nizami Gəncəvinin “Yeddi Gözəl” əsərindəki “Fitnə” hekayəsini bu kontekstdə misal göstərə bilərik, zəhmətlə, çalışqanlıqla vərdiş formalaşdırmaq mümkündür. Mənim üçün təəssüf doğuran məqam odur ki, universitet illərinə qayıda bilsəydim, dil biliklərimi inkişaf etdirərdim. Bu, işimdə mənə yeni imkanlar qazandıra bilərdi. Amma indi ailə qayğıları və həyat şərtləri buna imkan vermir.
- İstərdim ki, oxuculara bir kitab tövsiyə edəsən...
Mən Baltasar Qrasianın “Kamillik elmi” kitabını 5-6 dəfə oxumuşam və yenidən oxumağı düşünürəm. Çox dəyərli bir əsərdir. Elə bu əsəri də tövsiyə etmək istəyirəm...
- İspaniyada bir tədqiqat aparılmışdı. Məlum olmuşdu ki, ölkə əhalisinin 35 faizi heç zaman kitab oxumayıb. Səncə, bunun səbəbi nədir?
- Bu, dünyagörüş məsələsidir. İnsan kitab oxuyanda rahatlıq tapır. Oxumaq mənəvi bir tələbatdır, necə ki, hər gün yemək yeyirik, su içirik, oxumaq da həyatın vacib bir hissəsidir. Məncə hər kəs gündə azı 30-40 səhifə kitab oxumalıdır. "Vaxtım yoxdur" bəhanəsi burada keçmir. Doğrudur, bu gün həyat şərtləri çətindir və insanlar vaxtlarını əsasən bu vəziyyəti yaxşılaşdırmağa sərf edirlər. Həyat keyfiyyəti yaxşılaşdırılsa, insanlar daha çox kitab oxuyar. Mən iki dəfə xaricə – Türkiyə və İtaliyaya getmişəm, sadəcə turist kimi. İtaliyada insanların əksəriyyətinin əlində kitab gördüm. Bu məni fərəhləndirdi. Amma görürsən ki, metroda insanlar əsasən telefonda oyun oynayır. Halbuki, bu vaxtı daha səmərəli keçirmək olar.
- Bədii ədəbiyyatdan başqa hansı sahələrə maraq var?
- Mənim özüm daha çox tarix və fəlsəfə kitablarına maraq göstərirəm. Oxucular da əsasən bu cür kitablara maraq göstərir. Bir dəfə Roza Zərgərlinin satışa çıxan bir kitabını paylaşmışdım. Bir çoxları məni tənqid etdi ki, bu nə kitabdır satırsan? İnsanları başa düşürəm, onlar məni bu cür təsəvvür etmirlər. Amma sonradan statistikaya baxanda gördüm ki, ən çox bəyənilən paylaşım olub. Lakin bir problem də var, kitabların kütləvi şəkildə, çap olunmamasıdır. Misal üçün, BP şirkəti “Rəqəmsal marketinq” kitabını çap edib. Çox gözəl layihədir, faydalıdır, alqışlayıram, ancaq tirajın bir hissəsini satışa vermək lazımdır. Çünki oxucular istəyir, ancaq biz bu kitabları əldə edə bilmirik. Fürsətdən istifadə edib bu məsələni də qeyd etmək istəyirəm.
- Hazırda kitabları ən çox kimlər alır?
- Bütün yaş təbəqələrindən oxucularımız var: müəllim, tələbə, pensiyaçı. Məsələn, “Neftçilər” tərəfdən 75-80 yaşlarında qadın müştərim var, hər dəfə müxtəlif kitablar alır. Bu məni çox sevindirir. Kitab oxumağın yaşı yoxdur.
.jpg)
- Bəs çox kitab oxuyan insanlar daha çox yalnız olurlar?
- Bəzən belə təsəvvür yaranır ki, çox kitab oxuyan insanlar tənhadır. Əslində, insan nə qədər çox oxuyursa, bir o qədər də ünsiyyət quracağı insanlardan, danışacağı mövzulardan tutmuş, hətta gündəlik həyatdakı davranışlarına qədər çox həssas olur. Kitablar onlara adi söhbətləri bəsit və maraqsız göstərə bilər. Ancaq bu pis hal deyil, insan xarakteri etibarı ilə daim hər şeyin daha yaxşısını, daha ucasını, daha alisini istəyir. Mütaliəli insan hər kəslə eyni dalğada ola bilmir, təkliyi seçir. Onların təkliyi içində zəngin bir dünyaları var. Keyfiyyətsiz, sevgisiz, təmənnalı münasibətdənsə, keyfiyyətli, ali və hüzurlu tənhalıq yaxşıdır. Bu mənada, kitab bizi daha uca, ali bir həyata hazırlayır. Ancaq kitab oxuyan insanları ümumi şəkildə tənha hesab etmək də olmaz. Bəzən elə olur ki, mağazaya sevgililər və ya dostlar birlikdə gəlir, kitab seçirlər. Bu hal çox xoşdur və ümidlidir.
Foto: Elnur Muxtar