BAKI, 5 iyun. TELEQRAF

Azərbaycan Yazıçılar Birliyində Litvanın Azərbaycandakı səfirliyi ilə birlikdə görkəmli Litva yazıçısı Balis Sruoqanın “Tanrılar meşəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qonaqları salamlayıb və Qurban bayramı münasibətilə təbrik edib.

Şair Səlim Babullaoğlu bildirib ki, kitabı həmyerlimiz Mahir Həmzəyev tərcümə edib.

"Kitab Mahir Həmzəyevin çox böyük ustalıqla tərcümə etdiyi versiya – Litva Ədəbiyyatı və Folkloru İnstitutunun çoxillik fəaliyyətindən sonra bilavasitə əlyazma və makina yazıları əsasında “bərpa edilmiş” həqiqi nüsxədir. Roman ilk dəfə məhz Azərbaycan dilində bütöv halda tərcümə edilərək nəşr edilib.

Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzinin baş direktoru, tarix elmləri doktoru Arunas Bubnis kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.

Romanın məziyyətləri çoxdur, sənədli nəsrlə bədii üslubun qovşağında yazılmış memuardır. Dilçilər Sruoganın romanda Litva dilinə xeyli yeni leksik vahidlər, təzə sözlər, söz birləşmələri, linqvistik qısaltmalar qazandırdığını deyir",- S.Babullaoğlu deyib.

Litvanın Azərbaycandakı səfiri cənab Kestutis Vaskeləviçüs tədbirə gələn qonaqlara təşəkkürünü bildirib:

"Litva ədəbiyyatının bu gün buraya toplaşan bilicilərini və dostlarını görmək çox xoşdur. Bugünkü tədbirin təşkilinə görə mən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə, şair və esseist Səlim Babullaoğluya və Yazıçılar Birliyinin bütün idarə heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu həftə Şimal və Baltik ölkələri Xarici İşlər Nazirliklərinin siyasi direktorları Bakıda səfərdədir və mən çox şadam ki, Litva XİN-nin siyasi direktoru, səfir Laymonas Talat-Kyalpşa və Nazirliyin ikitərəfli münasibətlər departamentinin ditektoru Mantas Yakimaviçyus bu gün bizimlədir. Ədəbiyyat və mədəniyyət sahəsindəki mübadilə Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm hissəsini təşkil edir.

Ədəbi əsərlərin mübadiləsi sayəsində xalqlarımız qarşılıqlı anlaşma və hörmət şəraitində bir-birinin tarixi, dəyərləri və arzuları haqqında daha çox öyrənir. Bu mübadilə bizim ədəbi dünyagörüşümüzü, zənginləşdirir, oxucuları müxtəlif ədəbiyyat üslubları ilə tanış edir və xalqımızı bir-birinə yaxınlaşdırır",- Kestutis Vaskeləviçüs bildirib.