BAKI, 1 iyun. TELEQRAF
İyunun 10–12-də dəstəyi ilə CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində “CHARACTERS Britaniya dramaturgiyasını təqdim edir” adlı xüsusi proqram baş tutacaq.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək.
Layihəyə tanınmış britaniyalı dramaturq Rori Mullarki tərəfindən aparılacaq üçgünlük dramaturgiya təlimi və müasir Britaniya dramaturgiyasından Azərbaycan dilinə tərcümə olunmuş üç pyesin oxunuşu daxildir. Bütün tədbirlərdə iştirak ödənişsizdir, lakin öncədən qeydiyyat mütləqdir.
Rori Mullarki – mükafatlı dramaturq, libretto müəllifi və tərcüməçidir. Onun əsərləri Britaniyanın və dünyanın müxtəlif teatrlarında səhnəyə qoyulub. Onun Bakıya səfəri Azərbaycan teatr icması üçün çağdaş Britaniya dramaturgiyasının dili, strukturu və tematikası ilə birbaşa tanış olmaq baxımından unikal fürsət yaradır.
Proqram Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
CHARACTERS Festivalının kuratoru İsmayıl İman qeyd edib: “Xarici müəlliflərlə – xüsusilə də britaniyalı dramaturqlarla təcrübə mübadiləsi bizim dramaturqlar – istər yeni başlayanlar, istərsə də təcrübəli qələm sahibləri üçün son dərəcə dəyərli ola bilər. Bu, teatra, onun formalarına və ifadə vasitələrinə yenidən nəzər salmaq, həmçinin onun bu gün necə görünə biləcəyini və tamaşaçı ilə hansı səslə danışa biləcəyini araşdırmaq üçün bir fürsətdir”.
Proqramda aşağıdakı pyeslər təqdim olunacaq:
• Rori Mullarki “Xırmanda” – dərinləşən sinfi uçurumlar və tanış dünyanın dağılması fonunda böyümə hekayəsi.
• Zinni Harris “Sübh çağı görüşək” – itkini, yaddaşı və artıq gec olduğu anlarda belə yaxın insanla danışmağa duyulan ehtiyacı araşdıran ikinəfərlik zərif və emosional pyes.
• Rori Mullarki “Turizm” – mədəni fərqlər, yad məkanda azmaq və ümumi məna axtarışına dair kəskin ironiyalı pyes.