.jpg)
BAKI, 17 mart. TELEQRAF
Bu gün türkçülük hərəkatının bayraqdarlarından Əli bəy Hüseynzadənin vəfatından 85 il ötür.
Azərbaycanlı ictimai-siyasi xadim, mühərrir, rəssam, doktor Əli bəy Hüseynzadə 1864-cü il martın 7-də Salyanda doğulub. Anası Xədicə xanım Qafqaz şeyxülislamı Şeyx Əhmədin qızı, atası Hüseyn Hüseynzadə Kruzma bəylərindən Kazımbəy Hüseynzadənin dörd oğlundan kiçiyi idi. Həyat yoldaşını çox tez itirən H.Hüseynzadə oğlanlarını (Əli bəylə onun azyaşlı qardaşı İsmayılı) götürüb Tiflisə köçüb, burada Qafqaz Ruhani İdarəsinin nəzdində olan molla məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Kiçik Əli ilk təhsilini həmin məktəbdə alıb (1872). Babası Şeyx Əhməd Səlyani Qafqaz valisinin icazəsi ilə onu Tiflisdə rus gimnaziyasına qoyub. Burada oxuduğu 10 il müddətində (1875-1885) rus, latın, yunan, ərəb və fars dillərini öyrənib, Qərb ədəbiyyatı, fəlsəfəsi ilə tanış olub.
Babası təhsilini davam etdirməsi üçün Əli bəyi 1885-ci ildə Peterburqa göndərib. Burada fizika-riyaziyyat fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə imperiyada başlanan azadlıq hərəkatına və bunun bir parçası olan tələbə etirazlarına qoşulub. Çar istibdadından doğan milli oyanış hisslərinə yiyələnməsi, həmçinin, rus türkoloqlarından (Radlov və b.) dinlədiyi mühazirələr, Qərb mütəfəkkirlərindən mütaliələri onun bu mühitdə türkçü kimi yetişməsinə səbəb olub.
Əli bəy Peterburqda təhsilini tamamladıqdan sonra 1889-cu ildə Osmanlıya yollanıb. 1890-cı ildə İstanbulda hərbi-tibb məktəbinə daxil olub. 1892-ci ildən etibarən “Turan” imzası ilə əsərlər yazmağa başlayıb. 1895-ci ildə hərbi-tibb məktəbini həkim yüzbaşı rütbəsi ilə bitirib, Haydarpaşa hərbi xəstəxanasının dəri-zöhrəvi xəstəlikləri kafedrasına assistent təyin edilib. 1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsi dövründə “Hilali Əhmər” heyətinin tərkibində yaralılara kömək məqsədilə Osmanlı qoşunu ilə Tesaliyanın müxtəlif müharibə meydanlarında olub. İstanbula qayıdan Əli bəy 1900-cü ildə İstanbul Universitetinin “Dəri-zöhrəvi xəstəlikləri” kafedrasına professor köməkçisi vəzifəsinə təyinat alıb.
1938-ci ilin “Tan” qəzetinin 4-7 mart saylarında Əli bəy Hüseynzadənin “İttihad və Tərəqqi” nasıl quruldu” adlı məqaləsi dərc olunub. Məqalədə Əli bəy 46 il əvvəl Əsgəri-Tibbiyyədə oxuyarkən Ubeydullah əfəndi ilə necə tanış olmasından yazırdı: “Bəzi gecələr Ağaoğlu Əhməd, şair Midhəd Cemal, Yəmənli Əbdülvahab və sair dostları, Ubeydullahın kəndi əlilə hazırladığı nəfis çayı içmək, onun istibdad ilə mücadilə hekayələrini, qürbət eldəki qərib sərgüzəştlərini dinləmək və bilxassə ictimai, siyasi və dini ictihadlarından istifadə etmək üçün onun iqamətgahında toplanır, xoşca vaxt keçirirdik”.
Əli bəyin bu məqaləsindən bəlli olur ki, “İttihad və Tərəqqi” cəmiyyətinin yaradılmasının ideya müəllifi özü olub. Übeydullah əfəndi ilə görüşərkən ona Peterburq, Moskva və Kazandakı tələbələrin təcrübəsindən danışıb. Təsadüfi deyil ki, sonradan Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu “Atamın dostları” adlı əsərində Əli bəyi “pərdə arxasındakı adam” adlandırıb. Türkiyədə yaşadığı müddətdə Əli bəy tibblə bağlı elmi əsərlər üzərində çalışıb. Lakin sultanlığın nəzarətində olduğu üçün 1903-cü ildə vətəninə dönməli olub.
Əli bəy Əhməd bəy Ağaoğlu ilə 1905-ci il iyunun 7-də “Həyat” qəzetinin redaktoru vəzifəsini icra etməyə başlayıb. H.Z.Tağıyevin sahibi olduğu qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, tirajı isə 2000-2500 nüsxə olub. Qəzet 325-ci sayında, 1906-cı il sentyabrın 4-də bağlanıb. “Həyat” qəzetinin nəşri ilə əlaqədar redaktor Əli Turan və Əhməd bəy Ağaoğlunun Peterburq Baş Mətbuat İdarəsinə təqdim etdikləri 16 aprel 1905-ci il tarixli ərizədə Ə.Turanın Türkiyə təhsili gizlədilib, yalnız Peterburq Universitetində aldığı təhsili qeyd edilib. Rusiya idarəçiliyində yaşayan müsəlmanlara öz vətəndaşlıq borcunu yerinə yetirmələri üçün ana dilində bu nəşrin vacibliyini göstərmək qəzetin əsas məqsədi olub. Onlar bütün senzura qaydalarına əməl edəcəklərini, qanunları pozduqda isə cərimə ödəyəcəklərini öhdələrinə götürüblər. Təbii ki, bütün bunlar qəzetin çap olunması üçün icazənin alınmasına hesablanıb. Bu qəzetdə onun “Türklər kimlərdir və kimlərdən ibarətdir” adlı məqaləsi dərc olunub.
Əli bəyin Azərbaycan mətbuatında gördüyü önəmli işlərdən digəri yenə Tağıyevin sponsorluğu ilə çıxan “Füyuzat” dərgisinin nəşri idi.
Əli bəyin tərcümələri arasında Homerin “İliada”sı, Esxilin “Zəncirlənmiş Prometey”i, Miltonun “İtirilmiş cənnət”i, Hötenin “Faust”u, Şillerin “Kəfalət, yaxud vəfalı dostlar”ı, Dantenin “İlahi komediya”sı, Firdovsinin “Şahnamə”si, Vergilinin “Eneida”sı, Heynenin, Derjavinin şeirləri mühüm yer tutub. “Füyuzat”ın fəaliyyətini dayandırmasından sonra Əli bəy bir müddət “Kaspi” qəzetinin baş redaktoru olub, yazıları “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində çıxıb.
1910-cu ildə o, yenidən İstanbula yollanıb. İstanbul mühiti onun türkçülüklə bağlı fikirlərinin inkişafına, türk dünyasına xidmət üçün daha çox imkan əldə etməsinə səbəb olub. 1915-ci ildə İstanbulda qurulan “Rusiya müsəlman türk-tatar xalqlarının haqqını qoruma komitəsi”ndə təmsil olunub. Bu ərəfədə digər türkçülərlə birgə Avropada səfərlərdə olan Əli bəy Avropa siyasilərinə türklərin hüququ ilə bağlı çağırış edib. Əli bəyin təmsil olunduğu nümayəndə heyəti hətta Rusiya müsəlmanlarının hüquqları ilə bağlı ABŞ Prezidenti Vilsona teleqram yollayıb.
1918-ci ilin iyulun 24-də Əli bəy Hüseynzadənin “Hilali-Əhmər” qəzetində “Azərbaycanda düşündüklərim” adlı məqaləsi çıxıb. Bu zaman Əli bəy yeni qurulmuş Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncədə idi: “Hilali-Əhməriyyənin bayrağı bizimkinin eyni olan, fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şüali yerinə səkkiz şüali bir ulduz bulunan bir məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, Qafqasiya Türk Dövlətindən bir az bəhs etmək istərəm. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki Azərbaycanın təbii paytaxtı, neft mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur. Bakını Azərbaycan üçün çox görən kim olursa-olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir!”
Əli bəy bir neçə il sonra yenidən Bakıya gəlib. Bakıda keçirilən I Türkoloji qurultaya Türkiyədən dəvət olunanlar içərisində o da var idi. Fəxri rəyasət heyətində Avropanın tanınmış alimləri (Tomsen, Marr) ilə yanaşı, əyləşən Əli bəy qurultayın yekun iclasında çıxış edib. “Qərbin iki dastanında türk” məqaləsini çap etdirib.
Əli bəy Hüseynzadə 1926-cı ilin 25 martında, cümə günü Bakını tərk edib. Odessaya gedib və saat 04:40-da gəmi ilə İstanbula yola düşüb. O, bir daha Bakını görməyəcəkdi.
Əli bəyin həyatındakı ən maraqlı məqamlardan biri Mustafa Kamal Atatürkə qarşı sui-qəsddə ittiham edilməsidir. 1926-cı ilin iyun ayında İzmirdə Atatürkə qarşı həyata keçiriləcək sui-qəsdin əsas təşkilatçılarından Qara Kamalla yaxın münasibəti onun da hakim qarşısına çıxarılmasına səbəb olub. Şübhəsiz ki, Əli bəy Atatürkə qarşı olan bu planda iştirak edə bilməzdi. Bu planlar hazırlanarkən o, Bakıdan yeni qayıtmışdı. İstiqlal Məhkəməsində Əli bəy bütün suallara detallı cavab versə də, Qara Kamalla yaxın münasibəti onu istintaq boyu çətin vəziyyətə salıb: “Bəndəniz Qazi Paşa həzrətlərinə hörmət və məhəbbəti olan bir adamam. Son dəfə Türkoloji Qurultaya getdim. Son dəfə də bir kitab nəşr etdim. Bu kitab Qazi Paşa həzrətlərinin vəsfindən ibarətdir. Bu surətlə öz vətəndaşlarıma və orada yetişdirdiyim gənclərə təlqin etmək üçün bu kitabı nəşr etdirdim. Bu kitab Qazi Paşa həzrətlərinin yüksək simasının verdiyi ilhamdan doğan bir əsərdir. Bu kitabın bir nüsxəsini dostum Ağaoğlu Əhməd bəyə göstərdim. İllər öncə mərhum Ziya Gökalp “Çanaqqala” məcmuəsini dərc edirdi. O məcmuədə Qazi Paşanın bir rəsmi vardı. Onun altında bəndəniz bir şeir yazıb. Şeiri rəsmin altına qoymuşdular. Şeirdə onun yüksək simasını təsvir etmişəm. Sui-qəsd hadisəsindən iki həftə əvvəl İstanbuldan Bursaya Milli İqtisad Bankı adına Həmdi bəylə birlikdə ərzi-təzimata getdim. Mən nə qədər riyakar olmalıyam ki, durub belə işlər görüm”.
Əli bəy 1934-cü ildə Turan soyadını rəsmiləşdirib.
1936-cı ildə Üçüncü Türk Dil Qurultayında, 1940-cı ildə isə Dəri və Zöhrəvi Xəstəlikləri Cəmiyyətinin təsis yığıncağında iştirak edib. Onun mətbuatda dərc olunmuş son yazısı “Afət qarşısında şair, alim və gənclik” şeiri olub. Ərzincanda baş vermiş zəlzələyə və “Qızılay”a ithaf edilən şeir 1940-cı il yanvarın 15-də “Tan” qəzetində dərc olunub.
Ömrünün sonlarında Əli bəy Hüseynzadə İstanbulda Üsküdarın Ehsaniyyə məhəlləsində yaşayıb. 1940-cı il mart ayının 17-də bazar günü buradakı evində vəfat edib. Qızı Saida atasının ölümünü belə xatırlayırdı: “Mən lap yanında idim öləndə... Bacımın əri də bizdə idi, radioda bir şeylərdən danışırdılar, Hindistanda azadlıq hərəkatından söhbət gedirdi və bu azadlıq hərəkatına ingilislərin müdaxilə etdiyi söylənirdi, atam da hürriyyət tərəfdarı. Bacımın əri də ingilislərin tərəfini tutan bir adam idi. Atam coşğulu olaraq Hindistanın tərəfində. Bir az sonra mübahisə kəsilir. Səlim də üzünü qırxırdı. Atam onu güzgüdə görür və arxa-arxaya geri qayıdır, Səlim də güzgüdən görür ki, atasında bir dəyişiklik əmələ gəldi, qohumu çağırır, o da bizə söyləyə bilmir və atam yatağa uzanır və bir də gözümüzü açdıq ki, ölmüş...”
Həyat yoldaşı Ədhiyyə xanım 1939-cu ildən infarkt keçirib və 1944-cü ildə həyata gözlərini yumub.
1912-ci ildə İstanbulda süvari zabiti Şəmsəddin bəyin və Validə xanımın qızı Ədhiyə (1890-1944) xanımla evlənən Əli bəy Hüseynzadənin üç övladı olub: 1914-ci il aprelin 6-da Saida bəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər xanım dünyaya gəlib.
Əli bəy Hüseynzadənin vəfatı ilə bağlı Türkiyə mətbuatında bir neçə yazı dərc edilib.
“Əski darülfünun professorlarından Hüseynzadə Əli vəfat etdi”
“Vakit” qəzetinin 18 mart 1940-cı ildə çıxan nüsxəsinin ilk səhifəsində Əli bəyin vəfat xəbəri bildirilib, bir fotoşəkli verilib. Məqalədə Əli bəyin həyat hekayəsi qısa olaraq təqdim olunub:
“Əski darülfünun professorlarından Hüseynzadə Əli (son zamanlardakı adı Əli Hüseyn Turan) dünən günortaya yaxın Üsküdarda Ehsaniyyədəki evində 78 yaşında həyata gözlərini qapamışdır. Professorun dünən sabah qəzet oxuyarkən halı pisləşmiş, bir az sonra keçinmişdir.
Mərhum Azərbaycan türklərindən idi. Atası Tiflis müsəlman məktəbi müəllimlərindən Molla Hüseyndi. Doktor Əli ilk təhsilini Tiflis müsəlman məktəbində, orta təhsilini yenə o şəhərin gimnaziyasında almış, Leninqrad Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra İstanbula gələrək əsgəri tibbiyyəyə girmiş, 1895-ci ildə doktor yüzbaşı olaraq məzun olmuşdur. Haydarpaşa xəstəxanasında dəri xəstəlikləri mütəxəssisi, Tesalya savaşında Çatalca və Dömekedə operator müavini olaraq çalışmış, bu müharibədən sonra müsabiqə ilə tibbiyyənin dəri xəstəlikləri müəllim müavini olmuşdur. Əbdülhəmid dövrünün siyasi təzyiqlərindən dolayı 1903-cü ildə Qafqaza qaçan doktor oradakı türklərin haqları üçün uğraşmış, çarlığın mərkəzinə mürəxxəs (nümayəndə) olaraq göndərilmişdir. Bakıda günlük “Həyat”, həftəlik “Füyuzat” adlı qəzetləri çıxarmış, Səadət məktəbinin dərs nazirliyini (müdirliyini) etmişdir. Məşrutiyyət inqilabından sonra 1909-cu ildə Türkiyəyə dönmüş, tibbiyyədəki dərslərinə davam etmiş, 1926-da professor olmuşdur. 1931-ci ildə təqaüdə çıxsa da, 1933-cü ilə qədər dərsinə vəkil olaraq davam etmişdir. Doktor İttihad və Tərəqqi Cəmiyyətinin ən əski üzvlərindəndi. Elmi və siyasi vəzifələrlə müxtəlif yerlərə göndərilmişdir. Cahan hərbinin sonunda hökumət tərəfindən Qafqaza göndərilərək Azərbaycanın bir dövlət olaraq qurulmasına çalışmışdır. İstanbulda, Qafqazda, Misirdə müxtəlif qəzet və məcmuələrə həkimliyə, ədəbiyyata, milliyyətçiliyə dair olduqca çox yazıları intişar etmişdir.
Doktor Əli rəsmlə də məşğul olmuş, bir xeyli tablo vücuda gətirmişdir. Xoşsöhbət, nüqtədan xalıq bir insandı. Ölümü məmləkət üçün bir itkidir. Cənazəsi bu gün Ehsaniyyədəki evindən götürülərək Qaraca Əhməd məzarlığına dəfn ediləcəkdir. Ailəsinə təziyyələrimizi bildiririk”.
“Akşam” qəzeti 19 mart 1940 tarixli sayında “Doktor Hüseynzadə Əli vəfat etdi” başlığı ilə kiçik xəbər dərc edib: “Əski darülfünun müdərrislərindən Dr. Hüseynzadə Əli 78 yaşında həyata gözlərini yummuşdur. Mərhum azəri türklərindəndi. Atası Tiflis müsəlman məktəbi müəllimlərindən Molla Hüseyndi. Özü Rusiyada olduğu müddət ərzində qüvvətli bir türkçülük cərəyanı yaratdığına görə Rusiyadan çıxarılmışdır. Mərhum İstanbulda da eyni cərəyanı yaşatmışdır. Ümumi hərbdə Ziya Gökalpla birlikdə türkçülük üçün çalışmışdır. Dr. Əli rəssamlıqla da məşğul olmuş, bir xeyli tablo vücuda gətirmişdir...”.
Mətbuatda bir-birini təkrarlayan başqa xəbərlər də dərc edilib. Təəssüf ki, Əhməd bəy Ağaoğlunun cənazə mərasimindən fərqli olaraq Əli bəyin dəfnində kimlərin iştirak etdiyi, hansı nitqlərin söyləndiyini bilmirik. Görünür, İttihad və Tərəqqinin qurucularından olduğu üçün Cümhuriyyət dövründə ancaq elmi fəaliyyətini davam etdirən Əli bəy ömrünün son illərini guşənişin keçirmək istəyib.