BAKI, 26 sentyabr. TELEQRAF

"Yaxın Şərqdə və Ukraynada münaqişələr təhlükəsizliyi sarsıdır və tərəqqini təhdid edir. Buna görə də mümkün qədər tez bir zamanda sona çatdırılmalıdır".

Teleqraf xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bildirib.

“Bu il Fars körfəzi bölgəsində onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdıran bir münaqişənin şahidi olduq. Davam edən hərbi əməliyyatlardan dərin narahatlıq duyuruq. Beynəlxalq su yollarında hərəkət edən ticarət gəmilərinə və dənizçilərə hücumlar tamamilə qəbuledilməzdir. Hindistan bütün tərəfləri təmkinli olmağa, gərginliyi azaltmağa, mülki əhalinin qorunmasını və enerji və malların fasiləsiz təchizatını təmin etməyə çağırır”, - deyə Cayşankar bildirib.

Hindistan xarici işlər nazirinin qeyd edib ki, Ukraynada beş ildir davam edən münaqişə də az narahatedici deyil.

"Baş nazir Narendra Modinin də bildirdiyi kimi, müharibə sülhə yol verməlidir. Hindistan sülhün bərqərar olmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Eyni zamanda, dənizçilərin təhlükəsizliyinin, eləcə də taxıl və enerji təchizatının təmin edilməsinə təcili ehtiyac var", - deyə xarici işlər naziri vurğulayıb.

Nazir bildirib ki, Hindistan, xüsusən də ərzaq və enerji təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır.

“Əgər dünya daimi təhdid və təzyiqlərə məruz qalırsa, biz faktiki olaraq uçurumun kənarındayıq. Taleyüklü addımın atılmasına cəmi bir an qalıb. Buna görə də sabitliyi, təhlükəsizliyi və proqnozlaşdırıla bilənliyi gücləndirmək çox vacibdir. Bunlar sülhün qorunması üçün əlverişli şərtlərin ən vacib elementləridir. Əgər onlardan biri belə pozularsa, sülh qaçılmaz olaraq zəifləyəcək”, - deyə Cayşankar xəbərdarlıq edib.