BAKI, 22 sentyabr. TELEQRAF
İtaliya xarici işlər naziri Antonio Tacani qadının ətəyinin uzunluğunun nikahın etibarlılığını qiymətləndirmək üçün önəmli amil ola biləcəyi ilə bağlı sözlərinə görə üzr istəyib.
Teleqraf xəbər verir ki, nazirin “İrəli, İtaliya” Partiyasının tədbirində səsləndirdiyi bu fikir ölkədə tənqid olunub.
“Dediklərimə görə kimsə özünü təhqir olunmuş hiss edibsə, üzr istəyirəm. Mən heç vaxt qadınları təhqir etmək barədə düşünməmişəm və bunu heç vaxt etməmişəm - nə şəxsi, nə də ictimai həyatda”, - Tacani Nyu-Yorkda BMT Baş Assambleyasının tədbiri çərçivəsində jurnalistlərə bildirib.
Antonio Tacani bundan əvvəl oğlunun həyat yoldaşı kimi necə bir qadın görmək istədiyi barədə danışarkən, daha ciddi, daha az diqqətçəkən, amma sadiq və yaxşı ana olacaq bir qadına üstünlük verəcəyini söyləyib. Nazir bununla yanaşı, qadının ciddiliyini ətəyin uzunluğu ilə əlaqələndirib və belə qadınların daha uzun ətək modellərinə üstünlük verdiyini iddia edib.
Tənqidlərdən sonra Tacani qadın hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərini, həmçinin qadınların İtaliyanın İran və Əfqanıstandakı səfirləri vəzifəsinə təyin edilməsini xatırladıb.