BAKI, 22 sentyabr. TELEQRAF

"Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub.

Dövlət başçısı bildirib:

"Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.

Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.

IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram".