BAKI, 6 avqust. TELEQRAF
Beynəlxalq Futbol Federasiyası (FİFA) prezident Canni İnfantinonun tənqidlərə səbəb olan layihəsindən sonra təşkilatın nüfuzunun qorunması və bərpası üçün bütün zəruri addımların atılacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tutan FIFA Forward Enterprise layihəsini irəli sürmüşdü. Lakin futbol ictimaiyyətinin kəskin tənqidlərindən sonra o, bu təşəbbüsdən imtina edib.
Bunun ardınca Mərakeşin Rabat şəhərində İnfantinonun və FİFA rəhbərliyinin iştirakı ilə təcili iclas keçirilib.
FİFA-nın bəyanatında bildirilir ki, görüş zamanı layihənin geri götürülməsindən sonra təşkilatın idarəetmə proseslərinin təkmilləşdirilməsi müzakirə olunub.
"FİFA öz dürüstlüyünə yönələn heç bir hücuma dözməyəcək və nüfuzunu qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Baş katib Mattias Qrafström və iclasda iştirak edən idarə heyətinin üzvləri prezident Canni İnfantinoya tam dəstək ifadə ediblər", - deyə açıqlamada vurğulanıb.
Qurum etiraf edib ki, layihənin hazırlanması və məlumatların mediaya sızmasından sonra müəyyən səhvlərə yol verilib. Bununla əlaqədar FİFA Şurasına və üzv assosiasiyalara ünvanlanan məktubda üzrxahlıq edilib, gələcəkdə oxşar halların təkrarlanmayacağına təminat verilib.
Bəyanata əsasən, məsələ ilə bağlı daxili araşdırma aparılacaq və nəticələri FİFA Şurasının növbəti iclasında təqdim olunacaq.
İnfantinonun təşəbbüsü dünya çempionatının əsas kişi və qadın turnirlərinin kommersiya hüquqlarını idarə edəcək ayrıca şirkətin yaradılmasını nəzərdə tuturdu. FİFA hesab edirdi ki, bu model təşkilata üzv assosiasiyaların gəlirlərini artıracaq və dünya futbolunun inkişafına töhfə verəcək. Qurumun hesablamalarına görə, layihə 4,2 milyard dollar investisiya cəlb edə bilərdi.
Lakin təşəbbüs UEFA, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən rədd edilib. UEFA hətta FİFA-nın himayəsi altında keçirilən turnirləri boykot edəcəyini açıqlamışdı.
"The Telegraph" qəzetinin məlumatına görə, UEFA İnfantino istefa verməyəcəyi təqdirdə ona etimadsızlıq votumu elan etməyi planlaşdırır.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevralında FİFA prezidenti seçilib və sonradan iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə gətirilib. Növbəti prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək və İnfantino yenidən namizəd olacağını açıqlayıb.