BAKI, 3 avqust. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ilin aprel ayında keçirilməsi təklif olunan seçkilərdə üçüncü müddətə namizədliyini irəli sürə bilər.

Teleqraf xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğanın hüquq üzrə baş müşaviri Mehmet Uçum deyib.

Vəkil izah edib ki, Türkiyədə ümumi seçkilər üçün planlaşdırılan tarix 7 may 2028-ci ildir.

"Təklif etdiyimiz 16 aprel 2028-ci il ümumi seçki tarixi siyasi mənada "növbəti seçki" deyil. Parlament qərarı 9-15 fevral 2028-ci il tarixləri arasında verməlidir", - deyə Mehmet Uçum T24-ə bildirib.

O qeyd edib ki, mövcud konstitusiya Ərdoğana parlament "seçkiləri yeniləmək", yəni ikinci prezidentlik müddətinin bitməsindən əvvəl qərar çıxararsa, ardıcıl üçüncü müddətə namizədliyini irəli sürmək hüququ verir.

Mehmet Uçumun qeyd etdiyi kimi, hüquqi cəhətdən bu, müstəsna namizədlik adlanır.

Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2014-cü ildə Türkiyə prezidenti olub. 2017-ci ildə ölkədə prezidentlik sistemini tətbiq edən konstitusiya dəyişiklikləri qəbul edilib və Ərdoğanın prezidentlik müddətinin limitini yenidən müəyyən edib. O, 2018 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən ali vəzifəyə seçilib.