BAKI, 3 avqust. TELEQRAF
Mərakeşdən İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya kütləvi miqrant axını zamanı ölənlərin sayı 72 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, bazar günü Seuta sahillərində daha beş meyitin aşkarlanmasından sonra ölənlərin sayı artıb. Bu rəqəm Mərakeş hakimiyyətinin açıqladığı göstəricidən xeyli yüksəkdir.
Məlumata görə, ötən həftə başlayan kütləvi axın zamanı 50 mindən çox insan qurudan və dəniz yolu ilə Seutaya keçib. Hadisə Avropa İttifaqının Afrika ilə iki quru sərhədindən birində baş verib və Aİ ölkələrində ciddi narahatlıq yaradıb.
İspaniya hakimiyyətinin məlumatına görə, 48 mindən çox miqrant 48 saat ərzində Mərakeşə geri qayıdıb, digər şəxslərin də həftəsonu geri döndüyü bildirilib.
Seutanın İspaniya hökuməti nümayəndəsi Migel Anxel Peres açıqlayıb ki, 72 ölüm faktından əlavə, 1000-dən çox insan tibbi yardım üçün müraciət edib. Onun sözlərinə görə, vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb, lakin normal vəziyyətin bərpası üçün əlavə tədbirlər görülməlidir.
Bildirilir ki, bəzi miqrantlar dənizdə boğulub, digərləri isə dalğaqıranı və sərhəd hasarını keçməyə çalışarkən sıxlıq nəticəsində həyatını itirib. Onların bir qisminin iqtisadi çətinliklər səbəbindən miqrasiyaya üz tutduğu və sosial şəbəkələrdə yayılan məlumatlardan təsirləndiyi qeyd olunur.
Mərakeş Daxili İşlər Nazirliyi daha əvvəl 11 nəfərin öldüyünü açıqlamışdı. Nazirlik əsasən İspaniya ərazisinə keçməyə çalışan şəxslərin boğulduğunu bildirib və sərhədin digər tərəfindəki mümkün ölüm halları ilə bağlı məlumatların yoxlanıldığını qeyd edib.
Mərakeş hakimiyyəti miqrant axınının səbəbləri sırasında sosial şəbəkələrdə yayılan yanlış məlumatları, insan alveri şəbəkələrinin fəaliyyətini və dənizdə saxlanılan miqrantların dərhal geri qaytarılmasına məhdudiyyət qoyan İspaniya məhkəmə qərarının yanlış şərh edilməsini göstərib.
Mərakeşin məlumatına görə, sərhədi keçməyə cəhd edənlərin sayı 40 min nəfər olub. Həmçinin 1135 nəfərin digər İspaniya anklavı Melilyaya keçməsinin qarşısının alındığı bildirilib.
Hadisədən sonra Seutada polis və ordu qüvvələrinin patrulları gücləndirilib, şənbə günü isə şəhər sahillərində 500 metrlik üzən maneə quraşdırılıb.
Avropa İttifaqının 22 üzv ölkəsi Seutadakı hadisədən sonra xarici sərhədlərin qorunması və əlaqələndirilmiş tədbirlərin görülməsi ilə bağlı müraciət yayıb. İtaliya isə İspaniya ilə Şengen zonasına daxilində pasportsuz gediş-gəliş rejimini bir ay müddətinə dayandırıb.