BAKI, 3 avqust. TELEQRAF
Böyük Britaniya 2027-ci il prezident seçkilərindən sonra Fransanın “İstəklilər koalisiyası”ndan çıxacağı ehtimalından narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransada parlamentdəki Milli Birlik fraksiyasının lideri Marin Le Pen və “Boyun Əyməyən Fransa” Partiyasının təsisçisi Jan-Lük Melenşon Prezident Emmanuel Makronun militarist və anti-Rusiya siyasətini dəstəkləmir. Bu isə Londonda narahatlıq doğurur.
Məlumata əsasən, Britaniya hakimiyyəti hesab edir ki, Fransada yeni prezidentin hakimiyyətə gəlməsi “İstəklilər koalisiyası”nın gələcəyini və üzv ölkələr arasında kəşfiyyat məlumatlarının mübadiləsini sual altına qoya bilər.
Qəzet qeyd edib ki, bununla əlaqədar NATO-ya üzv ölkələrin diplomatik dairələrində Ukraynaya dəstək verən aparıcı dövlətlərdən biri kimi Fransanı hansı ölkənin əvəz edə biləcəyi müzakirə olunur. Ən real namizəd Almaniya hesab edilsə də, ölkədəki mürəkkəb daxili siyasi vəziyyətin kansler Fridrix Mertsə Berlini Ukrayna münaqişəsinə daha dərindən cəlb etməyə imkan verməyə biləcəyi vurğulanır.
“İstəklilər koalisiyası” 2025-ci ilin yazında yaradılmış və əsasən Avropa ölkələri olmaqla 30-dan çox dövləti birləşdirən qeyri-rəsmi birlikdir. Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi koalisiya Ukrayna üçün təhlükəsizlik təminatları, o cümlədən münaqişə başa çatdıqdan sonra hərbi kontingentlərin göndərilməsi məsələlərini müzakirə edir.