BAKI, 3 avqust. TELEQRAF

Qəzza zolağında İsrail hərbçilərinin həyata keçirdiyi əməliyyatlar nəticəsində günün əvvəlindən azı 19 fələstinli həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı anklavdakı xəstəxana mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlardan 12-si Qəzza şəhərində və anklavın şimal hissəsində qeydə alınıb. Təcili tibbi yardım xidmətindəki mənbənin bildirdiyinə görə, Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində avtomobilə endirilən zərbə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bundan əvvəl təcili yardım xidməti Xan Yunisin qərbində yerləşən Əl-Məvasi humanitar zonasında pilotsuz uçuş aparatının hücumu nəticəsində yaralananların olduğunu açıqlamışdı.

“Nasir” Tibb Kompleksinin məlumatına əsasən, İsrail hərbçilərinin Xan Yunisin cənubunda, onların nəzarətindən kənarda yerləşən ərazidə həyata keçirdiyi əməliyyat zamanı bir nəfər güllə yarası alıb. Fələstin Qızıl Aypara Cəmiyyəti isə Cəbəliyyədə İsrailin atəşi nəticəsində bir qız uşağının yaralandığını bildirib.

Digər beş fələstinlinin hansı şəraitdə həlak olması ilə bağlı hələlik əlavə məlumat verilməyib.