BAKI, 3 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran avqustun 3-də danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

“Biz onlarla dialoq aparacağıq, bu, danışıqlar formatında olacaq. Danışıqlar sabah günorta başlayacaq”, - deyə ABŞ lideri bildirib.

Tramp qeyd edib ki, bu dialoq çoxsaylı insan həyatının xilas edilməsinə və böyük resurslara qənaət olunmasına kömək edə bilər.

ABŞ Prezidenti xatırladıb ki, daha əvvəl İrana güclü zərbə endirməyi planlaşdırırdı. Onun sözlərinə görə, İran hakimiyyəti və Səudiyyə Ərəbistanı da bu addımı istəməyib, çünki Ər-Riyad razılaşmanın yaxın olduğunu düşünürdü.

Tramp bildirib ki, müzakirə olunan məsələlər arasında Hörmüz boğazında gəmiçiliyin təşkili və İranın nüvə proqramı ilə bağlı razılaşmalar yer alır.