BAKI, 3 avqust. TELEQRAF

ABŞ-nin neft-qaz şirkəti “Chevron”un rəhbəri Mayk Virt Yaxın Şərqdə davam edən döyüşlərin qlobal neft sənayesi üçün “son dərəcə real” risklər yaratdığını bildirib.

Teleqraf xəbər verir ki, Virt bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Hörmüz boğazındakı münaqişə ilə bağlı problemlər davam edir və hər gün yeni hadisələr baş verir.

“Hörmüz boğazında, eləcə də Qırmızı dənizdə və Qara dənizdə risklər və qeyri-müəyyənliklər görürük. Bu çağırışların bəziləri genişlənib və tədarük üçün risklər son dərəcə realdır”, - deyə Virt bildirib.

“Chevron” rəhbəri əlavə edib ki, enerji bazarlarındakı vəziyyət hələ də “kövrək və qeyri-müəyyən” olaraq qalır.

Qeyd edək ki, ABŞ və İsrailin İranla müharibəyə fevralın 28-də başladığı bildirilib. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərinin pozulduğunu iddia edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.