BAKI, 3 avqust. TELEQRAF

Nigeriyanın şimal-qərbində yerləşən Sokoto ştatında silahlı şəxslərin kəndə gecə hücumu nəticəsində azı 12 nəfər öldürülüb, qadın və uşaqlar qaçırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" yerli sakinlərə istinadən məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər şənbə günü saat 23:00 radələrində Lajinge kəndinə daxil olaraq sakinlərə hücum ediblər. Hücum səhər saat 03:00-dək davam edib.

Kənd sakinlərindən birinin sözlərinə görə, hücumçular evlərdən birini yandırıb və nəticədə eyni ailənin altı üzvü yanaraq ölüb.

Sakin Auvəl Həsən bildirib ki, silahlılar azı 12 nəfəri öldürüb, daha dörd nəfəri yaralayıb, çox sayda mal-qaranı oğurladıqdan sonra qadın və uşaqları qaçırıblar.

Sokoto ştatının polis sözçüsü Əhməd Rufai bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nigeriyanın bu bölgəsində “banditlər” kimi tanınan ağır silahlı qrupların kəndlərə basqın etməsi, insanları fidyə müqabilində qaçırması və mal-qara oğurlaması halları tez-tez baş verir. Hücum qonşu Zamfara ştatında silahlı şəxslərin azı 24 fermeri öldürməsindən bir həftə sonra baş verib.