BAKI, 3 avqust. TELEQRAF
“ABŞ səfirliyi keçmiş Prezident Co Bayden administrasiyası dövründə Gürcüstanda nifrəti qızışdırmaqla məşğul olub”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ diplomatik nümayəndəliyinin Gürcüstan Daxili İşlər Nazirliyinin nifrət nitqi ilə mübarizə üzrə yeni qurumunun fəaliyyətini tənqid edən son bəyanatı anlaşılmazdır.
“ABŞ səfirliyi əvvəlki administrasiya dövründə Gürcüstanda nifrəti süni şəkildə qızışdırmağa və yaymağa çalışan əsas qurumlardan biri idi. Təəssüf ki, bu proseslər koordinasiyalı şəkildə həyata keçirilirdi. Buna görə də deyə bilərəm ki, səfirliyin bu bəyanatı mənim üçün anlaşılmazdır, ancaq bu, onların öz işidir. Biz isə Gürcüstan cəmiyyətində nifrətin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan gözləmə mövqeyini qoruyur və Gürcüstan-ABŞ münasibətlərinin yaxşılaşacağına dair nikbinliyini saxlayır və ikitərəfli strateji əməkdaşlığın bərpasını gözləyir.
ABŞ səfirliyi bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinin Nifrət nitqi ilə Mübarizə Departamentinin fəaliyyətə başlamasından narahat olduğunu bəyan etmişdi.