BAKI, 3 avqust. TELEQRAF
Mərakeş Krallığının Prokurorluğu İspaniyanın Aralıq dənizi sahilində yerləşən muxtar şəhəri Seutada qeyri-qanuni miqrantların kütləvi axını zamanı baş vermiş insidentlərlə bağlı araşdırmaya başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, prokurorluq hadisələrin bütün təfərrüatını müəyyənləşdirmək, təqsirkar şəxsləri üzə çıxarmaq və onlara qarşı qanunvericiliyə uyğun tədbirlər görmək məqsədilə məhkəmə istintaqına start verib.
Nazirlik vurğulayıb ki, miqrasiya probleminin effektiv idarə olunması yalnız dövlətlərin ortaq məsuliyyəti, həqiqi həmrəyliyi və yükün bölüşdürülməsinə əsaslanan kompleks yanaşma ilə mümkündür.
Bəyanatda qeyd olunub ki, Mərakeş qeyri-qanuni miqrasiya və insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinə sadiq, etibarlı və məsuliyyətli tərəfdaş olaraq qalacaq. Eyni zamanda, krallığın milli və beynəlxalq öhdəliklərinə uyğun şəkildə ictimai asayişin, sərhəd təhlükəsizliyinin, insanların və əmlakın mühafizəsinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinin davam etdiriləcəyi bildirilib.