BAKI, 3 avqust. TELEQRAF
Almaniyanın hakim Xristian Demokrat İttifaqı (XDS) Partiyasının rəhbərliyi sentyabrda ölkənin şərq federal torpaqlarında keçiriləcək seçkilərdən sonra kansler Fridrix Mertsin istefa verə biləcəyini istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Mertsə yönələn istehzalı münasibət onun partiyadaşları arasında nüfuzunu sürətlə itirdiyini göstərir. Jurnalın həmsöhbətləri hesab edirlər ki, XDS-də kanslerin yaranmış siyasi böhrandan çıxacağına ümid demək olar ki, qalmayıb.
Bildirilir ki, jurnal son günlər kanslerin ətrafı və XDS/XSS blokunun rəhbərliyində təmsil olunan bir sıra şəxslərlə söhbət aparıb. Onların sözlərinə görə, partiya rəhbərliyi Mertsdən ciddi şəkildə məyus olub. XDS həmçinin son aylarda rəy sorğularında Almaniya üçün Alternativ Partiyasından geri qalır.
Mənbələrin iddiasına görə, partiyanın yüksək rəhbərliyində belə Mertsin ilin sonunadək kansler postunda qalacağına inananların sayı çox azdır. Sentyabrda Saksoniya-Anhalt, Berlin və Meklenburq–Qərbi Pomeraniya federal torpaqlarında keçiriləcək seçkilərin nəticələrinin XDS üçün uğursuz olacağı proqnozlaşdırılır.
Jurnal yazır ki, seçkilərdən sonra Mertsin istefaya məcbur ediləcəyi ehtimalı nəzərdən keçirilir. Onun mümkün varisi kimi Şimali Reyn-Vestfaliya federal torpağının baş naziri Hendrik Vüstün adı çəkilir.