BAKI, 3 avqust. TELEQRAF

Rusiya Dövlət Dumasının keçmiş deputatı və prezidentliyə namizəd Boris Nadejdin (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi siyahıya alınıb – red.) ölkəni tərk edərək Fransada yerləşdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.

“Hamıya salam. Xoş xəbərim var - salamatam və azadam. Təəssüf ki, artıq Rusiyada deyiləm. Ətrafa nəzər salmalı və necə irəliləyəcəyimi düşünməliyəm. Planlarım haqda sonra yazacam”, - Nadejdin bildirib.

Siyasətçinin vəkili Dmitri Trunin də TASS-a Boris Nadejdinin Rusiyanı tərk etdiyini təsdiqləyib.

Xatırladaq ki, o, 2024-cü ildə Rusiya prezident seçkilərində iştirak etməyə cəhd göstərib. Mərkəzi Seçki Komissiyası ona imza toplamağa icazə versə də, ardınca “çoxlu sayda etibarsız imza”nı əsas gətirərək qeydiyyatdan imtina edib.