BAKI, 13 iyul. TELEQRAF
Tailandın paytaxtı Banqkokun şimalında yerləşən publardan birində baş verən güclü yanğın nəticəsində xəsarət alanların sayı 63 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 27 nəfər həlak olub. Xüsusi xidmət orqanları hadisə yerinə çatana qədər alov binanı tamamilə bürüyüb.
Xilasetmə xidmətləri bildirib ki, yanğınla bağlı ilk məlumatlar bazar ertəsindən çərşənbəyə keçən gecə yerli vaxtla təxminən saat 00:00-da daxil olub. Fövqəladə hallara müdaxilə əməkdaşlarının sosial şəbəkələrdə paylaşdığı görüntülərdə alovun pubun giriş qapısından yüksəldiyi əks olunub.
Hadisə yerinə gələn Tailandın baş naziri jurnalistlərə açıqlamasında 27 nəfərin öldüyünü, bir neçə yaralının isə xəstəxanaya çatdırıldığını təsdiqləyib. O qeyd edib ki, yanğının başvermə səbəbləri araşdırılır.