BAKI, 13 iyul. TELEQRAF
İranın ABŞ-nin Küveytdəki hərbi bazasına pilotsuz uçuş aparatı ilə endirdiyi zərbədən sağ çıxan amerikalı hərbçilər komandanlığı hücum təhlükəsi ilə bağlı xəbərdarlıqları nəzərə almamaqda ittiham ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hücum martın 1-də Küveytin Əş-Şüəybə limanında yerləşən ABŞ hərbi bazasına həyata keçirilib. Nəticədə altı amerikalı hərbçi həlak olub, onlarla nəfər isə yaralanıb.
Məqalədə bildirilir ki, briqada generalı Klint Barnsın hücumdan sonrakı davranışı bazada xidmət edən hərbçilərin narazılığına səbəb olub.
Hərbçilərin sözlərinə görə, dron zərbəsindən sonra Barns binanı tərk edərək sığınacağa gedib, halbuki həmin vaxt çoxlu sayda hərbçi hələ də binanın içərisində qalmışdı.
Sağ qalan hərbçilər həmçinin iddia ediblər ki, komandanlıq kəşfiyyat orqanlarının limanın İran üçün ehtimal olunan hədəf olması ilə bağlı xəbərdarlıqlarını nəzərə almayıb. Onların sözlərinə görə, pilotsuz uçuş aparatlarından kifayət qədər qorunmadığı üçün şəxsi heyətin həmin obyektə yerləşdirilməsi tövsiyə edilməmişdi.