BAKI, 10 iyul. TELEQRAF
NATO ölkələrinin böyük həcmdə pilotsuz uçuş aparatı ehtiyatı toplaması mümkün hərbi münaqişə zamanı gözlənilən nəticəni verməyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Business Insider" portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Şimali Atlantika Alyansı gələcəkdə mümkün “dron müharibəsi”nə hazırlaşmağa çalışsa da, milyonlarla pilotsuz aparatın ehtiyat kimi saxlanılması onların münaqişə başlamazdan əvvəl köhnəlməsi ilə nəticələnə bilər.
NATO baş katibinin köməkçisi Tarya Yaakkolanın sözlərinə görə, pilotsuz texnologiyalar sahəsində əvvəlki satınalma yanaşması artıq effektiv deyil.
“Ona görə də dronların alınması qaydasını dəyişməliyik. Bu sahədə əvvəlki kimi alıb anbara qoymaq və gözləmək mümkün deyil”, - o bildirib.
Qeyd edək ki, NATO-nun baş katibi Mark Rütte iyulun 7-də Alyansın sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda 20 üzv ölkənin “Drone Edge” təşəbbüsünə qoşulacağını açıqlayıb. Layihə çərçivəsində yaxın beş il ərzində pilotsuz aparatların və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard dollar sərmayə yatırılması, həmçinin operatorların hazırlanması imkanlarının beş dəfə artırılması nəzərdə tutulur.